Təhlil: Həmilton və Mercedes Monakoda Red Bull-u səhvinə görə necə cəzalandırdılar

Rikkardo Red Bull-un pit-stop strategiyasını tənqid edə bilər, amma Lyuis Həmilton Monakoda sensasiyalı bir yarış keçirdi...

Biz Monakoda həyəcanlı bir yarış izlədik və bunun üçün Barselonadakı kimi iki Mercedes-in insident yaşamasını gözləməyə ehtiyac olmadı.

Daniel Rikkardo bütün həftəsonu ərzində ideal formada idi və heç şübhə yoxdur ki, Red Bull qarajında məlum qarışıqlıq olmasaydı, yarışı rahatlıqla qazana bilərdi.

Hər nə olursa-olsun bu Lyuis Həmiltonun üstün performans göstərdiyini və yarışın əvvəlində komanda yoldaşının arxasında ilişməsinə baxmayaraq, yarışı qazanması reallığını dəyişdirmir.

Lyuisin karyerasında çıxış etdiyi 44 nömrəsinin sayına bərabər olan qələbəni qazanması üçün bundan maraqlı süjet təsəvvür etmək çətindir…

Bu nəfəskəsən mübarizə idi, həm də strateji qarşıdurmalar trasdakı duellərdən daha maraqlı idi.

Yarışın müəyyən bir anında müxtəlif sürücülərin maşınlarına beş müxtəlif tərkibli təkərlər taxılmışdı – Pirelli-nin Monakoda arsenalında olan bütün tərkiblər. Sürücülərin eyni anda trasda UltraSoft, SuperSoft, Soft, eləcə də yağış və keçid təkərlərində olması faktı kifayətdir ki, yarışın məxsusi bir yarış olmasını dərk edəsən…

Yarış quru havada başlasaydı, Rikkardo yarışa pouldan SuperSoft təkərlərlə başlayacaqdı. Onun arxasındakılar isə UltraSoft təkərlərlə yarışa başlamalı idilər və bizi maraqlı strategiyalar gözləyə bilərdi. Amma yarış təhlükəsizlik avtomobilinin arxasında start alanda, bütün sürücülər yağış təkərlərində olmalı idilər.

Çarli Uaytinq 7 dövrədən sonra yarışa restart verdikdən sonra Colion Palmer qəza etdi və trasda virtual təhlükəsizlik avtomobili rejimi tətbiq edilməyə başladı. Bu da o demək idi ki, sürücülər təkəri qızdırmaqla bağlı problem yaşayacaqlar.

O anda heç kim Rosberq qədər problem yaşamadı. Rikkardo almaniyalı sürücüdən uzaqlaşdıqdan sonra, önündəki boşluqdan maksimum istifadə etdi və gözdən tamamilə itdi.

Rosberq əyləclərin qızıdırlması ilə problemlər yaşamağa başladı. Bunun səbəbi isə böyük ehtimalla yarışın aşağı tempdə başlaması idi. Bundan başqa təkərlərin isidilməsinə və təzyiqinə görə də problem yaşayırdı.

Vəziyyət belə olan halda, almaniyalı sürücü özünü boliddə rahat hiss edə bilmədi, son həddə sürə bilmədi və təkərlərjə əyləcləri qızdıra bilmədi.

Bu arada isə, Həmilton komanda yoldaşının arxasında ilişib qalmışdı və məyusluq get-gedə artırdı. Belə olan halda, Həmilton öz fikirlərini komandaya bildirdi, amma komandaya “məni önə buraxın” demədi: “Çox az hallarda komandadan məni buraxmalarını istəyirəm. Nikonun arxasında idim. Mühəndislərim mənimlə əlaqə qurdular və onlara bunu dedim: “Bir az sürətliyəm, amma ötmə etmək çətindir”. Bundan nəticə çıxartdılarmı? Bilmirəm”.

Əslində, Mercedes-in komanda körpüsündə çoxdan formalaşmış sadə bir qaydaya əməl etdilər. Əgər sürücülərin qarşıdurması komandanın qələbəsini təhlükə altına alırsa, onda sürücülər komandanın marağı naminə hərəkət etməlidirlər. Həmin anda təhlükə aşkar idi. Red Bull-un avstraliyalı sürücüsü Niko Rosberqdən hər döngədə uzaqlaşırdı və Mercedes qərara aldı ki, onu çox uzağa buraxa bilməz…

Niko Rosberq: “Bu çox sadədir, çünki bu qayda neçə illərdir ki, tətbiq edilir. Bundan başqa, bu yarışda qələbə uğrunda mübarizə aparmayacağım açıq şəkildə görünürdü. Buna görə də, Lyuisin qazanması üçün ona bir şans verilməli idim.

Komanda mənə xəbərdarlıq etdi ki, mən tempimi artırım, amma bunu bacara bilmədim. Bundan sonra Lyuisin ötməsinə icazə verməli idim. Yarışın nəticəsinə baxdığımızda, bunun işə yaradığını görə bilərsiniz.

Bu o deməkdir ki, doğru vaxtda doğru hərəkər etdik. Yoxsa Lyuis qazana bilməzdi. O qərar komandaya Monakoda qələbə gətirdi. Bunu asanlıqla görüb, anlaya bilirik. Məyus edir, amma belədir. Bu qərarı vermək heç də asan olmadı”.

Pəddi Lou təsdiq edir ki, Həmilton ona yol verilməsini tələb etməyib: “Bizdən elə şey istəmədi. Hətta “məni arxasında saxlayır” tərzdə bir cümlə də işlətmədi”.

Həmilton 16-cı dövrədə ikinci yerə yüksələndə, Rikkardodan 13.4 saniyə geri qalırdı.

Avstraliyalı sürücü qurumaqda olan trasda uçurdu, Həmilton isə operativ azadlığa çıxsa belə, bu tempə heç nə ilə cavab verə bilmədi – aradakı fərq sonrakı 6 dövrədə cəmi 1.2 saniyə bağlanmışdı…

Həmin vaxta peletonda yalnız yarışın iki lideri və Paskal Verlyayn keçid təkərləri taxmamışdılar və nəhayət, 23-cü dövrənin sonunda Daniel Rikkardo liderliyi Həmiltona ötürərək pit-leynə yollandı.

Gözləmək olardı ki, Həmilton trasda 1 və ya 2 dövrə qalar, amma buna baxmayaraq, britaniyalı yeyilmiş yağış təkərləri ilə yaxşı dövrələr vurmağa davam edirdi. Hətta get-gedə yeyilməklərinə baxmayaraq, yeni keçid təkərləri kimi yaxşı performans göstərməyə davam edirdilər.

Heç kəs bunu gözləmirdi və komandadakılar belə buna təəccüblənmişdilər. Pəddi Lou bu barədə “Bu çox qəribədir” dedi.

Bu vəziyyət Həmiltonun trasda qalmasına və komandanın keçid təkərlərini tamamilə yığışdırıb, asfalt quruduqdan sonra birbaşa UltraSoft təkərlərə keçməsinə şərait yaratdı. Bu, Rikkardonu qabaqlamaq üçün ən yaxşı taktika idi.

Pəddi Lou: “Lyuis Nikonu ötdükdən sonra sürətləndi, amma Rikkardoya çatması çətin məsələ idi, çünki sürətləri demək olar ki, eyni idi.

Bundan sonra biz gördük ki, risk alınmalıdır və trasda qalmaq bizə problem yaratmayacaqdı. Faktiki olaraq Niko ilə eyni nəticələri göstərirdi.

Hətta orada oturub bu olanları qumar kimi görmək düzgün sayılmazdı. Yağış təkərləri müəyyən müddətdən sonra keçid təkərləri ilə eyni performansı göstərməyə başlamışdılar. Ondan sonra sadəcə doğru zamanda pitə gəlməsini gözləməyə başladıq.

Taktiki qərar komanda körpüsündə qəbul olunmuşdu. Lou təsdiq etdi ki, bu, Həmiltonun ideyası deyildi, amma Lyuisdən öz rolunu ideal oynaması tələb olunurdu: “Bəlkə də, Lyuis biz düşündüyümüzü düşünə bilərdi, amma biz bu mövzuda onunla müzakirə aparmadıq. Biz onun cavabını gözləmədən plan təklif etdik. Lyuis sadəcə dedi ki, “təkərlər qaydasındadır və pit-stop lazım deyil”.

Həmilton trasda qalıb, dövrələr vurmağa davam etdiyi halda, Rikkardo daha sürətli olduğu düşünülən təkərlərlə Mercedes-ə gəlib çatdı.

Quru hava təkərlərinə ilk olaraq 29-cu dövrədə Markus Eriksson keçdi. İsveçli sürücüdən sonra Batton, Maqnussen, Bottas və Qrojan eyni addımı atdılar.

O anda, böyük ehtimalla bir daha görə bilməyəcəyimiz səhnənin şahidi olduq: beş növ təkər tərkibləri eyni anda trasda idilər.

Həmiltonun digərlərinə nisbətən itiriləcək çox şeyi var idi və doğru zamanda pitə gəlməli idi. Britaniyalı 31-ci dövrədə pitə gəldi və əvvəlki dövrədə Rikkardo ilə aralarındakı fərq 0.7 saniyə idi. Artıq hər şey Həmiltonun pitdən çıxdıqdan sonra atdığı dövrəyə, Rikkardonun pitə girməmişdən əvvəl atacağı dövrəyə və pit-stoplarda itiriləcək vaxta qalmışdı.

Lyuis tamamilə yeyilmiş yağış təkərlərindən quru təkərlərinə keçidin gözlədiyindən də yaxşı effekt verdiyini gördü, amma pitdən çıxandan sonrakı dövrədə Hovuz döngəsində az qala divara çırpılacaqdı.

Bu arada Rikkardo önünün boşalmasından maksimum istifadə etdi və çox sürətli bir dövrə vurdu. Bu iki dövrə arasındakı fərq Rikkardonun trasa öndə qayıtmasını təmin etməli idi.

Rikkardo yarışın 32-ci dövrəsində boksa gəldiyi zaman gördü ki, evdə heç kəs yoxdur. Komanda superSoft təkərləri qoyduğu yerdən tapa bilmirdi.

Pit-stop 13.6 saniyə çəkdi və trasa qayıdanda, Həmiltonun düz arxasına düşdü. Bu isə onu göstərir ki, Həmilton pitdən çıxış dövrəsində xeyli vaxt itirib.

Kristian Horner: “Bizim boksda problemə baxmayaraq, Rikkardo ilə Həmilton pit çıxışında yan-yana idilər. Bu da onu göstərir ki, Daniel pitə gəlməmişdən əvvəl çox sürətli dövrə vurubmuş və eyni zamanda Həmilton pitdən çıxarkən çox yavaş olub”

Lyuis Həmilton: “Sözün düzü, pit-stopda problem yaşadığını bilmirdim. Pitə bir dövrə əvvəl gəldim, amma pitdən çıxış dövrəm bərbad idi. Asfaltla ilişmənin harada güclü olduğunu bilmək çətin idi. Bolid bir döngədə özünü yaxşı hiss etdirdiyi halda, digərində çətinlik çəkirdim. Atdığım dövrənin sürətli ya yavaş olduğunu bilmirdim”.

Pit-stoplardan sonra Rikkardo və Həmilton yenə də fərqli təkərlərdə idilər. Bu dəfə Həmilton UltraSoft, Rikkardo isə SuperSoft təkərləri götürmüşdülər. Bu yarışın ikinci yarısının daha həyəcanlı olmasını təmin etdi.

Bəs bu sürücülər yarışın sonuna qədər müvafiq olaraq 48 və 47 dövrə davam edə biləcəkdilərmi? Həmilton növbəti dəfə pitə gəlməli idimi?

Lou UltraSoft təkərlərin doğru seçim olduğunu açıqlayır: “Bu cür yaş şəraitdə sona qədər gedə biləcəyinizi anladığınızda, əlinizdə olan ən yumşaq təkəri seçmək daha doğrudur. Təbii ki, quru şəraitdə olduğundan fərqli olur, çünki trasın quruması bir az vaxt alır”.

Red Bull pitdə Rikkardoya hansı təkəri taxacağını fikirləşməkdənsə, Həmiltonun strategiyasına baxa bilərdi.

Red Bull komandası həftənin 4-cü günündən düşünürdü ki, UltraSoft təkərlər burada yaxşı işləməyəcək. Buna görə də əvvəlcə Soft təkərləri seçsələr də, daha sonra SuperSoft təkərlərə qərar verdilər. Buna görə də hər şey bir-birinə qarışdı.

Kristian Horner: “Mercedes Lyuisə UltraSoft təkərləri taxdığını görəndə, fikirləşdik ki, o pitdən çıxış dövrəsində çox sürətli olacaq və SuperSoft təkərlərə keçməyi qərara aldıq”.

Hər iki tərkibin də ömrü eyni olaraq görünürdü, amma Serxio Peres və Sebastyan Fettel kimi Soft təkərlər istifadə edən sürücülərin nəticələri daha yaxşı idi. Əgər Red Bull Rikkardo üçün Soft təkər seçimini dəyişdirməsəydi, o pit-stop kabusu da olmayacaqdı.

Həmilton Rikkardonu arxasında tutub təkərlərini qoruyaraq, əla iş gördü və yarışın sonunda Red Bull asfaltla ilişmə ilə bağlı problemlər yaşamağa başlamışdı.

Pəddi Lou: “Belə görünür ki, Rikkardonun təkərləri daha tez yeyildi. Elə bil, ön tərəfdə aşınma problemləri var idi”.

Yarışın sonunda Həmiltonun yeyilmiş UltraSoft təkərləri istiliyini itirməyə başladı və bu, onun üçün təhlükə yarada bilərdi. Amma Lyuis bu vəziyyəti düzəldə bildi.

Lyuis Həmilton: “Deyəsən, sona 7 dövrə qalmış təkərlər daha pis vəziyyətə düşdü, təkərləri əlavə yükləməyə başladım. Buna görə də sürətlənib, təkərlərin istiliyini qorumalı idim. Xüsusən də son 5 dövrədə.

Daniel ilə aramızdakı fərq çoxalmağa başlamışdı. Onun bəzi yerlərdə çətinlik çəkdiyini görürdüm və doğrudan da limitdə sürürdü. Buna görə də məndən daha sərt təkərdə olsa da, təkərlərinin dözə bilməyəcəyini düşündüm”.

Yarışın bitməsinə bir neçə dövrə qalmış yağışın damcılaması hamı üçün vəziyyəti çətinləşdirdi. Rosberq getdiyi UltraSoft təkərlərlə problem yaşamağa başladı və son dövrədə Niko Hülkenberq tərəfindən keçilərək, 6-cı yerdən də oldu.

Həmilton isə damalı bayrağa qədər birinciliyini qorudu.

Lyuis Həmilton: “Belə dedim: “Ay Allah, nə olar bir neçə dövrə də getsin”. Bunu doğrudan da bolidin içində dedim. Bir neçə dövrədən sonra təkərlər sürüşməyə başlamışdı.

Ondan sonra təkərlərin temperaturunu yaxşılaşdırmaq üçün sürətləndim və bir az düzəldilər. Finiş xəttini keçəndə, elə bil ki, cənnətdən düşmüşdüm”.

Rikkardonun bəxti gətirməmişdi, amma bu doğrudan da Həmiltonun ən güclü performanslarından biri idi. Quruyan trasda yeyilmiş yağış təkərləri və ikinci uzun hissədə ömrünün sonuna gəlmiş UltraSoft təkərlərlə etdikləri onun fərqini göstərirdi.

Lyuis Həmilton: “Bu xüsusi bir yarış idi. Yarış yağışlı havada olduğu üçün hər şeyi hiss etməli idiniz.

Yarışda təkərləri, əyləcələri, istilikləri hiss etmək, cizgini və limitləri bilmək, limitləri aşmaq və ardından problem yaşamadan geri qayıtmaqdan ibarət idi. Yarışı bizim üçün vacib edən bu amillər idi. Bu gün bütün yarışı limitdə sürdüm”.

Mənbə: MotorSport.com, Adam Cooper
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*