Tarkan Azərbaycan Qran Prisi üçün Bakıya gəlir

Türkiyəli məşhur müğənni iyunun 23-də avtoidman azarkeşləri qarşısında konsert proqramı ilə çıxış edəcək.

F-1.az Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, bu il iyunun sonunda baş tutacaq növbəti Formula1 yarışının ilk günü Türkiyənin dünyaca məşhur müğənnilərindən biri olan Tarkan Bakıda avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxacaq. Türkiyəli görkəmli müğənni iyunun 23-də – cümə günü axşam saatlarında dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə Formula1 həvəskarları üçün ən məşhur ifalarını səsləndirəcək.

Almaniyada doğulub, Türkiyədə böyüyüb başa çatan müğənninin albom və mahnıları indiyədək 29 milyondan çox satış edib. 20 ildən çox müğənnilik karyerasına sahib Tarkan ingilis dilində ifa etdiyi mahnılarından sonra dünyada daha da məşhurlaşıb.

Türk musiqisinin tarixi köklərinə dayanan Tarkanın mahnıları sahib olduğu xüsusiyyət baxımından geniş ərazini əhatə edir. Onun repertuarında Yaxın Şərqin zaman keçdikcə canlı qalan və valehedici musiqisi ilə müasir dövrün ən çox sevilən Qərb musiqi növlərindən, o cümlədən rok, pop və oyun havalarından ibarət mahnılar yer alır. Fərqli janrda olan musiqiləri özünəməxsus tərzdə ifa edən Tarkanın mahnılarının vazkeçilməz ünsürü güclü ritmdir. Bu gün Avropadan Asiyaya, oradan da Avstraliya və Latın Amerikasına qədər müxətlif millətləri və mədəniyyətləri təmsil edən milyonlarca azarkeş onun ifalarını sevərək dinləyir. Türk kökünə sadiq qalaraq dünyanın dörd bir yanından olan bütün azarkeşlərin ruhunu oxşadan və onların müxtəlif musiqi zövqlərinə cavab verən ifalar yazmaq və bəstələmək Tarkanı bütün dünyada sevdirən başlıca amillərdəndir.

Tarkanı sevən bütün Formula1 həvəskarları Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonuna onun enerjili  və coşqulu ifaları ilə start verməyi səbirsizliklə gözləyirlər. Tarkanın mahnıları və onun diqqəti cəlb edən şəxsiyyəti Formula1 azarkeşlərinə unudulmaz gecə yaşadacaq.

BŞH-nin icraçı direktoru Arif Rəhimov milli yarış ərəfəsində Tarkanın avtoidman azarkeşləri qarşısında səhnəyə çıxmaq üçün Bakıya gəlişinə belə münasibət bildirib: “Pop musiqisi və əyləncə dünyasında çox sayda uğurlu ifaçılar və sənətçilər var. Lakin onlardan çox azı dilindən, mədəniyyətindən və yaşadığı yerdən asılı olmayaraq bütün insanların qəlbinə toxuna və onların duyğularına təsir edə bilir. Belə xüsusiyyətlərə sahib türkiyəli müğənni deyəndə ağla ilk məhz dünyaca tanınmış ifaçı Tarkan gəlir və biz böyük məmnuniyyətlə onu Azərbaycan Qran Prisinin ilk günü – cümə günü axşam saatlarında açıq havada canlı konsert proqramında iştirak etmək üçün Bakıya dəvət etmişik. Gözəl şəhərimizə Formula1 yarışının ikinci dəfə gəlişini böyük əyləncə və coşqu ilə qeyd etmək üçün səbirsizlənirik və belə möhtəşəm yarış həftəsonunun açılışını Tarkandan başqasının etməsi təsəvvür oluna bilməz. Tələsin, indidən biletlərinizi alın və Bakıda bizimlə birgə olun!”

Konsert proqramlarında yalnız yarışa bileti alanlar iştirak edə biləcəklər. Dördgünlük bileti olan hər kəs cümə axşamı günü – iyunun 22-də pit yolunda gəzintiyə çıxmaqla yanaşı Formula1 şəhərciyində keçiriləcək pilotların avtoqraf sessiyalarına qatılmaq və Bakının möhtəşəm mənzərəyə sahib dənizkənarı bulvar ərazisində salınan əyləncə mərkəzindəki bütün proqramlarda iştirak etmək imkanına sahib olacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*