Tarix təkrar olunacaq?

Bu gün əfsanəvi Montsa trasında mövsümün 15-ci mərhələsi keçiriləcək. Bu yarışda Formula1 fanatları yeni bir tarixə şahidlik edə bilərlər - Maks Ferstappen ardıcıl 10-cu dəfə qazanaraq, yeni bir rekorda imza atmağa yaxındır.

Lakin həftəsonu ərzində Ferrari komandası çox yaxşı görünürdü. Xüsusən də bu sentyabrın 1-də 29 yaşını qeyd edən Karlos Sayns…

O, cümə gününü birinci yerdə qapatdı. Şənbə günü isə poul qazandı. Beləliklə, ispaniyalı sürücü üçgünlük yarış həftəsonunun ilk iki günündə lider olub. Bəs əsas olan bazar günü? Əslində bu real görünümür, çünki cümə günü Red Bull komandası yarış tempində Ferrari-dən çox üstün idi. “Qırmızı öküzlər” yarış sazlanmasında bütün rəqiblərinə təxminən 0.3-0ş5 saniyə fərq atırdı. Buna görə də yarışa ikinci yerdən start verən Maks Ferstappen bu yarış üçün də ən əsas favoritdir.

Bu yarışın Ferstappen üçün əhəmiyyəti isə daha vacibdir. 25 yaşlı sürücü bu gün sürət məbədi sayılan Montsada qalib gələrək, ardıcıl 10-cu qələbəsini qazana və Formula1 tarixində yeni bir rekorda imza ata bilər. Niderlandlı sürücü keçən həftəsonu doğma publikası önündə yarışı qazanaraq, Sebastyan Fettelin ardıcıl ən çox yarış qazanan rekordunu təkrarlamışdı. İndi isə ardıcıl ən çox yarış qazanan sürücü statusna tək başına sahib ola bilər. Bunun üçün isə Karlos Saynsı keçməlidir.

Düzdür, dünən sıralanma turunda Karlos Sayns, Maks Ferstappen və Şarl Lekler 0.063 saniyənin içində idilər. Burada ötmələr də çətindir. Buna görə Karlos Saynsa qələbə üçün bir şans yarana bilər. Amma yuxarıda dediyim kimi Red Bull komandası yarış tempində rəqiblərindən bir baş üstündür.

Ancaq sizə maraqlı bir faktı xatırladım. 1988-ci ildə McLaren komandası mövsümün ilk 11 yarışında qalib gəlmişdi. Lakin sırf bu trasda – Montsada komandanın hər iki sürücüsü Alen Prost və Ayrton Senna problem yaşamış və yekunda yarışı Ferrari komandasından Gerhard Berger yarışı qazanmışdı. “Qırmızılar”ın digər sürücüsü Mikele Alboreto isə ikinci yeri tutmuşdu.

Əslində bu gün də 35 il əvvəlki mənzərəyə oxşar mənzərə var. Ferrari komandasının iki sürücüsü sıralanma turunda üçlükdədir. Qələbə üçün favoritdirlər. Buna görə hamıya maraqlıdır: Maks Ferstappen yeni bir tarixə imza atacaq yoxsa 35 il əvvəlki tarix yenidən təkrarlanacaq?

Şənbə gününün ən gözəl performanslarından birini isə heç şübhəsiz ki, Williams komandasından Aleksander Elbon göstərdi. Taylandlı sürücü günü-gündən performansını artıraraq, komandasını arxası ilə aparır. Dünən sıralanma turunda 6-cı oldu. Özü də kimin arxasında? Hazırda Red Bull komandasında yeri heç də yaxşı görünməyən Serxio Peresin arxasında. Bugünlü yarışın startında Çekonu keçib, onu arxasında saxlasa, gələn il Elbonu yenidən Red Bull komandasının kombinezonlarında görə bilərik.

Günün ən böyük məyusluqlarından biri isə sözsüz ki, Lyuis Həmilton idi. Yeddiqat Dünya Çempionu bütün sessiya ərzində çox çarəsiz görünürdü. Daha əvvəl Montsada 5 yarış qazanmış sürücü bu dəfə səkkizinci yerlə barışmalı oldu. Komanda yoldaşı Corc Rassellin 4-cü olduğu sıralanma turunda bu Lyuis üçün heç də yaxşı nəticə deyil. Bəlkə də, komandası ilə bağladığı yeni ikiillik müqavilədən sonra bir az dincəlmək istəyib…

Keçən həftə Niderlandda masterklass göstərərək, yarışı ikinci yerdə bitirən Fernando Alonso isə İtaliyada çox zəif təsir bağışladı. 2007 və 2010-cu illərdə bu trasda yarış qazanmış ikiqat Dünya Çempionu bu dəfə 10-cu oldu. Düzlüklərin bol olması Aston Martin komandası üçün arzuolunmazdır. Amma komanda bu dəfə daha da zəif performans göstərdi. Ötmələrin çətin olduğunu düşünsək, 42 yaşlı sürücünün yarışda  işinin çətin olacağını deyə bilərik. Hətta bu mövsüm ilk dəfə bir yarışı xalsız bitirə bilər.

Bu gün gözlər Liam Lousonun üzərində olacaq. Gənc sürücü Niderlandda debüt etsə də, orada üçüncü sərbəst yürüşlərdən sükan arxasına oturmuşdu. İndi isə ilk dəfə tam həftəsonu keçirir və sıralanma turunda 12-ci olub. Yəni xal almaq üçün şansı var.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*