F-1.az xatırladır ki, yarışın startında Fettelin ön qanadı Lyuisin arxa təkərinə ilişmiş və britaniyalı sürücünün təkəri partlamışdı. Bundan sonra 32 yaşlı sürücü sonuncu pilləyə qədər geriləmişdi.
Toto Volff: “Yarışın hər anına nifrət etdim. Çox uzun və pis yarış idi. Startdakı qəzadan sonra hər şey nəzarətimizdən çıxdı və Lyuis təkbaşına qalmışdı. Boliddə çox şeyi bilmədiyi üçün ona davamlı məlumat verirdik. “Sebastyan xal ala bilərmi”, – deyə suallar hələ də aktual idi. Hər şeyi Lyuisə açıqladıqdan sonra dedik ki, işini görsün. O da gözəl nəticə aldı.
Böyük xal fərqinə baxmayaraq, bilirdik ki, çempionluq təmin olunmayıb. İnsanlar bizimlə çempion kimi davranırdılar, amma avtoidmanda hər şey mümkündür.
Start Lyuis və Sebastyan üçün çətin oldu. İkisi də yarışı qazanmaq istəyirdilər və stresli idilər. Amma sonda çempion olduğumuz üçün xoşbəxtik. Son iki yarışda qalib gələrək, mövsümə yekun vurmaq istəyirik”.