Hazırda Niko Rosberq 33 xal fərqilə sürücülər çempionatında liderdir. Rosberqin çempionatda ən yaxın təqibçisi isə komanda yoldaşı Lyuis Həmiltondur. Niko Rosberq qalan 4 yarışı ən azı 2-ci yerdə bitirərsə, ilk dünya çempionluğunu qazana bilər. Çempionatın taleyinin həll olunacağı bu yarışlarda Toto Volff pilotlara komanda əmri verməyi düşünmür. Mövsüm boyu Niko ilə Lyuis bir neçə dəfə bir-birilə toqquşsalar da, Mercedes heç vaxt komanda əmrindən istifadə etməyib.
Toto Volff: “Mübarizələrinə icazə veririk, bunu heç vaxt dəyişdirmədik. Pilotlarla münasibətdə bəzi detalları dəyişməyə başlasaq problemlər başlayar. Komanda əmrini nə biz istəyirik, nə də tamaşaçılar. Buna görə də komanda əmrindən heç vaxt istifadə etmədik. Son yarışlarda dəyişən heç nə olmayacaq, hər zaman olduğu kimi pilotlarımız mübarizə aparmaqda sərbəstdirlər”.