F-1.az bildirir ki, Lens Stroll məşhur milyarder Lourens Strollun oğludur. Lens keçən ilin sonunda Ferrari-nin gənc sürücü akademiyasından ayrılaraq, Williams komandasının developer sürücüsü olmuşdu. Bu il Formula3 seriyasında da mübarizə aparan Stroll hazırda çempionatda liderdir.
Volff bildirib ki, Strollun istedadı onu təəccübləndirir: “Lensin atasının hesabına yüksəldiyini zənn edənlər onu tanımırlar. Sadəcə sonuncu Avstriya yarışına baxaq. Heyrətamiz performansla iki Formula3 yarışında qalib gəldi. Onun 17 yaşı var, ancaq onunla söhbət edəndə elə bilirsən ki, 35 yaşlı adamla danışırsan. Çox yetişkən və çox ağıllıdır.
Mən əminəm ki, o, Formula1-də yarışacaq növbəti kanadalı sürücü olacaq. Bu, onun istedadı hesabına olacaq, atasının sərvətinin hesabına yox”.
Toto Volff hesab edir ki, Stroll Ferstappendən yetişkən sürücüdür: “O, öz üzərində çox işləyir. Ağlına və yetişkənliyinə görə seçilir, özünü 17 yaşındakı uşaq kimi aparmır. Məsələn, Maks Ferstappen özünü yeniyetmə kimi aparır. O, boliddə özünü çox yaxşı göstərir, amma onunla söhbət edəndə, uşaq olduğunu başa düşürsünüz. Amma Lensin yetişkənliyi bizi çox təəccübləndirir.
Onun çox vaxtı var. Gələcəkdə Mercedes, Ferrari və ya başqa komandada yarışmaması böyük səhv olar. Əvvəlcə işi öyrənməlidir, bunun üçün vaxtı çoxdur”.