F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlasa da, startda Fettelin gerisinə düşmüşdü. Amma yarışın 33-cü dövrəsində Stoffel Vandorn mübarizə zamanı Felipe Massa ilə insident yaşadıqdan sonra Virtual Təhlükəsizlik Maşını rejimi elan olunmuşdu. Bu əsnada Həmilton pitə çağırılmışdı. Britaniyalı sürücüyə 36-cı dövrədə radiodan “VSC rejimi bitir” deyildikdən sonra Həmilton pitə getmişdi. Yaşıl bayraqlar yellənməyə başlayan zaman 44 nömrəli bolid pit yolunda idi.
Toto Volff: “VSC rejimində bütün komanda düşünməyə başladı. Sebastyan nə etsə, biz əksini edəcəkdik. VSC rejiminin bitməsinə az qalmış pitə çağırış vacib idi. Əgər VSC rejimi başlayan kimi bu addımı atsaydıq, Fettel sonrakı dövrədə pitə girərək, bizə qarşılıq verərdi. Əla zamanlama seçdik. Strategiya rəhbərimiz Ceyms Voulsun və onun komandasının qarşısında baş əyməliyik.
Normal hallarda pitdə 21 saniyə vaxt itkisi olur. Həm də rəqibləriniz yüksək sürətlə start-finiş düzlüyündən keçəndə siz pit yolunda yavaş qalırsınız. Amma VSC rejimində hamı yavaşlayır və buna görə də pit-stopun təsiri azalır. Dəqiq bir rəqəm deyə bilmərəm, amma itki təxminən 12-13 saniyə olur.
Fettel ikinci pit-stopdan sonra trasa qayıdarkən çox aqressiv müdadiə olundu. Bu əla idi. Həmiltonu trasdan çıxartdı və öndə qaldı. Amma biz Soft təkərlərə görə üstün olduğumuzu bilirdik”.