F-1.az xatırladır ki, Paskal Verlyayn 2015-ci ildə DTM üzrə Dünya Çempionu olduqdan sonra Manor komandası ilə Formula1-də yarışmağa başlamış və Avstriyada Formula1 karyerasının ilk xalını qazanmışdı.
Esteban Okon isə aşağı seriyalardakı uğurlu çıxışlarının ardından bu ilin əvvəlində ehtiyat sürücü kimi Renault komandasına transfer olunmuş və mövsümün ikinci yarısından etibarən Mercedes-in dəstəyi ilə Manor komandasında yarışmışdı. Fransalı sürücü gələn mövsümdən etibarən Force İndia komandasının şərəfini qoruyacaq. Verlyaynın isə ya Sauber-də, ya da Manor-da yarışması gözlənilir.
Toto Volff: “İkisi də mükəmməl sürücüdür. Onlar eyni səviyyədədirlər. Karyeraları çox fərqli alındı. Biri DTM-də yarışıb, çempion oldu. Digəri isə GP3-də mükəmməl nəticələr əldə etdi. Məncə, bərabər səviyyədədirlər, amma xarakter kimi fərqlidirlər. İkisi də uzun illər Formula1-də yarışmağa layiqdirlər.
Gələcəkdə çempion ola bilərlərmi? Onu bilmirəm. İnsanlar böyüyür, inkişaf edir və dəyişir. Dünya Çempionu olmaq üçün hər şey bir araya gəlməlidir. Sadəcə saf sürət bəs eləmir. Daha artığı lazımdır. Hər şeyi doğru etsəniz də, uğur qazanmaya bilərsiniz.
Gənc sürücü ilə işləməyə başlayanda, onun nəyə qadir olduğunu bilmək çətin olur. Amma müsbət yöndə düşünmək üçün çox amil var”.
Volff bildirib ki, Okonun Force İndia-da yarışmaq qərarını onlar verməyiblər: “Bu, mənim qərarım deyildi. Force İndia gəldi və onu transfer etmək istədiyini dedi. Estebanla yarışmağı çox arzulayırdılar. Böyük ehtimalla Okonla testlər etdikləri zaman onun doğru adam olduğunu düşündülər. Hamımız insanıq. Simpatiya bəslədiyimiz və bəsləmədiyimiz insanlar vardır”.