F-1.az xatırladır ki, Lyuis Həmiltonla Valtteri Bottas Bəhreyn yarışının ilk döngəsində insident yaşayıblar. Bundan sonra Həmiltonun bolidinin sağ altlığı və ön qanadında problemlər əmələ gəlib. Amma britaniyalı sürücü startda geri düşməsinə baxmayaraq, yarışı üçüncü yerdə bitirə bilib.
Toto Volff bildirib ki, Lyuis Həmilton zərər görmüş bolidlə hər dövrədə bir saniyə itirirmiş: “Eyni təkərlərlə Kimi Rəykkönenə çatmaq qeyri-mümkün idi, çünki Həmilton hər dövrədə bir saniyə itirirdi. Bu zərər bizim asfalta yatma qüvvəmizi azaltdı.
Biz təhlükəsizlik avtomobili ehtimalını düşündük və trasda qaldıq. Bizim bəxtimiz gətirə bilərdi”.
Mercedes AMG bu mövsüm mümkün 86 xaldan 83-nü toplayıb. Amma buna baxmayaraq, Volff bildirib ki, Ferrari onlar üçün böyük bir təhdiddir: “Bu mövsüm 21 yarış var və hələ cəmi ikisi geridə qalıb. Hazırda aldığımız xallara görə nəsə demək istəmirik.
Komanda olaraq mövsümə yaxşı başladıq və bundan məmnunuq. Amma Fettel isinmə dövrəsində yarışı dayandırmasaydı, yarış çox fərqli olardı”.