F-1.az xatırladır ki, Mercedes komandası Bakıdakı cümə sərbəst yürüşlərində bərbad performans göstərib. Sessiyanı 11 və 16-cı yerdə bağlayan “gümüşü oxlar” xüsusilə vahid dövrədə çox aciz görünüblər.
Toto Volff: “Gün ərzində eyni problemlə qarşılaşdıq. Bolidimiz güclü olsa da, vahid dövrədə tempimiz yoxdur. Cümə günü çoxlu məlumat topladıq, amma Monakodakı problemlər burada da davam edir. Trasın bəzi hissələrində performansımızı göstərə bilmədik.
Trasda sürətli döngə yoxdur. Hamısı 90 dərəcəlik döngələrdir. Buna görə də bilirdik ki, çətin olacaq. Red Bull və Ferrari Monakodakı döngələrdə güclü idilər. Bundan başqa qanadları düzlüklərdə onlara çox kömək edir. Yəni ki, bacardığımız qədər yaxşı performans göstərməli və yüksək xallar yığmalıyıq.
Məncə, sıralanma turu çox çətin keçəcək. Bu, mənə 2015-ci ildəki Sinqapur yarışını xatırladır. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik”.