F-1.az xatırladır ki, Həmilton və Rosberq İspaniya yarışına birinci cərgədən başlasalar da, birinci dövrədə yaşadıqları təmas nəticəsində yarışı vaxtından əvvəl dayandırmışdılar. Mercedes sürücülərinin gözlənilməz insidentindən Maks Ferstappen maksimum istifadə edərək karyerasındakı ilk qələbəsini qazanmışdı.
Volff bu hadisədən sonra məyus olsa da, bildirib ki, növbəti yarışlarda da iki sürücü arasındakı rəqabətə mane olmayacaqlar.
Toto Volff jurnalistlərin “Komanda artıq çempionluq yolunda bir sürücünü dəstəkləyəcək?” sualına belə cavab verib: “Bu, onlar üçün dərs oldu. Mükəmməl nəticə almaq əvəzinə yarışxarici qalmaqları onları məyus etdi”.
İspaniyadakı insident hamının yadına 2014-cü ilin Belçika yarışının ilk dövrəsindəki insidenti saldı. O qəzadakı insidentə görə Rosberq təqsirləndirilmişdi və sürücülərə bildirilmişdi ki, bir də bu cür insident olsa, onlara ağır cəza verəcəklər.
Ancaq İspaniyadakı qəzada bir sürücü digərindən daha çox günahkar sayılmadı.
Toto Volff: “Belçikadakı insidenti 2014-cü ildə qoyduq və ondan sonra komandada fərqli bir atmosfer formalaşıb.
Onların yarışmasına icazə verilir və belə şeyin olması normaldır. Biz yenə də onların yarışmasına icazə verəcəyik. Sadəcə bəxtimiz gətirmədi və komanda olaraq yarışı bitirə bilmədik. Buradakı vəziyyət Belçikadan fərqli idi.
Əsas olan bu qəzadan sonra komandanın necə davranmasıdır. Son yarışlarda bəzən bəxtimiz gətirməsə də, komanda daxilində yüksək əhval-ruhiyyə var”.
Volff bildirib ki, Həmilton və Rosberq bu insidentin ciddiyətini başa düşəcək qədər yetişkən adamlardır və əlavə edib ki, onlar gələcəkdə bizim nə gözlədiyimizi bilirlər: “Hər ikisi də komandaya yaxşı uyğunlaşıb və bizim üçün nəyin vacib olduğunu bilirlər. Yarışdan sonrakı iclaslarda bunu gördük. Onların bu mövzuda razılaşacaqlarına inanmıram. Hər ikisinin də fikirləri fərqlidir.
Biz onlardan fərqli reaksiya gözləmirik. Bu insident onların münasibətinə mənfi təsir göstərməyəcək. Buna 100 faiz əminəm”.