F-1.az xatırladır ki, ilk titulunu qazandıqdan cəmi 5 gün sonra Niko Rosberq karyerasını başa vurduğunu elan etmişdi, bununla da son üç ilin çempion komandasında vakant yer peyda olub. Bu yeri hazırda çempionatda iştirak edən sürücülərlə yanaşı karyerasını başa vurmuş sürücülər də tutmağa çalışırlar.
Dünən Rusiya saytları keçmiş sürücü Petrovun DTM-dən yaxşı tanıdığı Volffa birbaşa müraciət etməsini yazmışdılar. Daha sonra məlum oldu ki, komanda dərhal Niko Hülkenberqin müqaviləsi ilə maraqlanıb – Renault komandası sürücünü buraxmağa qəti etiraz edib. Bu gün isə Mercedes Motorsport-un başçısı bildirib ki, narahatlığa əsas yoxdur – Rosberqin yerinə kifayət qədər namizəd var…
Toto Volff: “Son 3 ilin çempionuyuq və biz fəxr edirik ki, bizim hazırladığımız maşının sükanı arxasında hamı oturmaq istəyir. Dünəndən hamı mənə zəng edir, hətta komandası ilə müqaviləsi olan sürücülər də. Yalnız iki nəfərdən zəng almamışam: Kimi Rəykkönen və Daniil Kvyat. Digərləri isə zəng edirlər, hətta Pastor Maldonado da. Hamısı bizim sürətli maşını idarə etmək istəyir.
Bizim komandada Niko və Lyuis çıxış edəndə, əla sürücü cütlüyümüz var idi, axı komandada balansın olması çox vacibdir. Bəli, bizim gənc istedadlı sürücülərimiz var, onların bizim maşını idarə etmək təcrübələri də var, biz bunu başa düşürük. Aydın məsələdir ki, variant çoxdur. Düzünü deyim ki, komandaya cəlb etmək istədiyimiz sürücülər də bizə müraciət ediblər. Hazırda biz onların müqavilələrini araşdırırıq və yaxın zamanda qərar qəbul edəcəyik…”