Toto Volff: “Mattianın böyük təzyiq altında işlədiyi həmişə açıq-aşkar görünürdü. Ferrari-nin rəhbəri olduğunuzda ayrılmaq ehtimalına görə həmişə yaxşı müqaviləyə sahib olmaq lazımdır. Qaçılmaz idi, amma o, düşündüyümdən daha uzun müddət qaldı.
Ferrari-ni təmsil edəndə bir ölkəni təmsil edirsən. Sizi əvvəlcə tərifləyirlər, sonra isə yerin dibinə soxurlar. Əgər Ferrari-nin başında olan italyandırsa, deməli, ona olan təzyiq daha da yüksəkdir. Bir əcnəbi sadəcə olaraq yerli mətbuatı oxumaya bilər, amma italyan həmişə atəş xəttindədir”.
Volff italyan mütəxəssisin Mercedes-ə dəvət edilib-edilməyəcəyinə də cavab verib: “Xeyr. Düşünürəm ki, belə bir əməkdaşlıq mümkün deyil, çünki son illərdə aramızda bir çox qırmızı xətt keçilib. Heç kimə sirr deyil ki, bu illər ərzində Mattia ilə aramızda fikir ayrılıqları olub, lakin 2022-ci ildə biz müəyyən mənada tarazlığa gəlmişik. Münasibətlərimiz indi xeyli yaxşılaşıb”.
Alman mütəxəssis bir vaxtlar Ferrari-dən təklif gəlsə idi, qəbul etmək fikrində olduğunu da etiraf edib: “Kim Ferrari-nin rəhbəri postu ilə maraqlanmadığını iddia edirsə, sadəcə olaraq yalan danışır. Daimler-in mənə komandanın idarəedici tərəfdaşı və ortaq sahibi olmaq fürsəti verdiyinə əmin olmaq üçün hələ də özümü çimdikləyirəm. Mən bununla çox fəxr edirəm. Amma bir vaxtlar Ferrari-dən təklif alsaydım, reaksiyam tamamilə eyni olacaqdı”.