Rauf Hacıyev: Azərbaycan Qran Prisinin hazırlıqları necə gedir?
Turab Teymurov: 2022-ci il yarışı üçün hazırlıqlar tam sürətlə davam edir. BŞH olaraq çox həyəcanlıyıq. Son iki ildəki yarışları fərqli ab-havada keçiririk, çünki biz artıq Qarabağdakı torpaqları azad etmişik. Ümumilikdə, bizim əsas hədəfimiz Qran Prini hər mövsüm daha yaxşı keçirmək, qalib ölkəmizin qalib paytaxtını bütün dünyaya gözəl formada nümayiş etdirməkdir. Bu il də qarşımıza belə məqsəd qoymuşuq. Biz media komandası olaraq, bunu jurnalitslərlə işimizdə və müxtəlif ölkədən gələn media qurumlarla edəcəyik. Bakı sakinləri də turistlərə qonaqpərvər davranaraq bunu edə bilərlər. Hər bir Azərbaycan vətəndaşı turistlərdən faydalana bilər. Onların iqtisadiyyatımıza xeyri var. Hər bir şəxs faydalana bilər dedikdə nəyi nəzərdə tuturam? Suvenir satan kiçik sahibkarlar, taksilər, muzeylər, mehmanxanalar turistlərdən faydalana bilərlər.
Hazırlıqlara gəldikdə isə tikinti işləri aprelin 15-dən başlayıb. Daha doğrusu montaj işləri. Tikinti işləri ilk ildə olmuşdu. Asfalt qatı döşənmişdi. İndi kiçikmiqyaslı işlər görürük. Hazırda beton blokları və tribunaları quraşdırırıq. Biz beton blokları gecələr quraşdırırıq. Bunun səbəbi həm tıxacların qarşısını almaq, həm də faciənin qarşısını almaqdır. Çünki beton bloklar ağırdır və xırda səhv ciddi problemlərə səbəb ola bilər. Bizim üçün təhlükəsizlik birinci yerdədir. Montaj işləri yarışa bir neçə gün qalmış bitəcək. FİA gəlib bizdən trası təhvil alacaq və baxış keçirəcək.
Öz hazırlığımıza gəldikdə isə yarış üçün media mərkəzi artıq müəyyənləşdirilib. Artıq neçə ildir ki, bizim media mərkəzimiz Hilton hotelidir. Bu il jurnalistlər də akkreditasiyalarını Hilton hotelindən götürəcəklər. Keçən il olduğu kimi.
R.H: Müqavilə 2 ildən sonra bitir, yeni müqavilə olacaqmı?
T.T: Hazırda bu barədə danışıqlar getmir. Müqavilənin uzadılması üçün danışıqlar müqavilənin bitməsinə yaxın olur. Ümid edirəm ki, olacaq.
R.H: Azərbaycan yarışı F1 üçün bir novatr oldu. Ondan sonra BŞH-yə oxşar Ciddə, Mayami kimi şəhər trasları təqvimə daxil oldu. Bu barədə nə deyə bilərsiniz?
T.T: Bizim trasdakı yarışlar o qədər maraqlı keçir ki, hətta keçən il Sinqapur yarışı ləğv olunanda bütün dünyada azarkeşlər istəyirdilər ki, onun yerinə Bakı təqvimə girsin. Sosial şəbəkələr üzərindən müşayiət etdiyimiz kimi bizim trasımız tamaşaçıların böyük rəğbətini qazanıb. Avropalı Formula1 fanatları artıq neçə illərdir ki, Azərbaycan Qran Prisinə xüsusi azarkeşlik edirlər. Yeddiqat Dünya Çempionu Lyuis Həmilton bir müddət öncə özünəməxsüs tərzdə Bakı trası haqqında fikirlərini media ilə bölüşmüşdü. Sürücülərin ən çox ehtiyat etdikləri 8, 9, 10–cu döngələr xüsüsi ilə qeyd olunmalıdır. Ora 7.6 metr en ilə ən dar döngədir. Şarl Lekler, Serxio Peres, Robert Kubitsa bu döngələrdə qəza etmişdilər. Mövsümdə elə yarışlar var ki, start ilə finiş arasında o qədər də fərq olmur. Yarış başladığı kimi başa çatır. Bizim Qran Primiz əksəriyyətindən fərqlənir və hər il gözlənilməz qaliblər görürük. Formula1-də Bakı sindromu formalaşıb. 5 il ərzində müxtəlif sürücülər qalib olublar.
R.H: Azərbaycan Qran Prsini digərlərindən fərqləndirən təşkil olunan şou və konsertlər idi. Konsertlərin olmaması azarkeşlərin gəlməsinə mənfi təsir göstərə bilərmi?
T.T: Biz daha əvvəl də qeyd etmişdik ki, axşam konsertləri olmayacaq. Buna səbəb Covid-19 pandemiyasıdır. Lakin azarkeşlər məyus olmasınlar. Onlar üçün Dənizkənarı Milli Parkda müxtəlif və rəngarəng əyləncələr olacaq. Hər şeyi maraqlı etməyə çalışacağıq. Hər kəsin zövqünü oxşayacaq. İnsanlar biletləri Bakı Şəhər Halqasının rəsmi saytından və müxtəlif satış məntəqələrindən əldə edə bilərlər.
Bundan başqa isə azarkeşlər bizim yarış üçün darıxıblar. 2020-ci ildə yarış pandemiyaya görə olmadı, 2021-ci ildə azarkeşsiz keçirildi. Keçənilki yarış o qədər maraqlı oldu ki, azarkeşlər burada olmaq üçün can atırlar. Hazırda Bakıda yarışa baxmaq istəyən top 3 ölkələr ABŞ, Azərbaycan və Britaniyadır. Top onluqda isə Danimarka, Norveç, Niderland, İspaniya və s.
Bundan başqa Yeni Zelandiya vətəndaşı Bakıdakı Formula1 yarışını izləyəndən sonra şəhərimizi bəyənmişdi və orada Cafe Baku adlı bir restoran açmışdı. Biz onu Azərbaycana dəvət etmişdik. Bütün dünyada insanlar Bakıdakı yarışı sevirlər.
R.H: Yeni idman reqlamentindən sonra trasımızdakı yarış daha maraqlı ola bilərmi? 2017-ci ildən sonra növbəri dəfə Formula1 Oskarı qazana bilərikmi?
T.T: Bunun üçün hər şey var. Trasımızın quruluşu buna imkan verir. Yarış istənilən nəticəyə açıqdır. Ümumilikdə bizim yarış müxtəlif sorğularda həmişə mövsümün ən yaxşı 5 yarışından biri olur. Keçən il Bakı yarışı ABŞ-dakı izləyicilər tərəfindən ən çox sevilən yarış oldu. Bizim trasda uzun düzlüklər, geniş və dar döngələr var. Buna görə də hər şey mümkündür. Görək nə olur.