F-1.az xatırladır ki, yeni qaydalardan sonra təkərlər daha enli olacaq və aerodinamika cəhətdən fərqliliklər olacaq. Bu dəyişikliklərdən sonra bolidlərin 4 saniyə sürətlənməsi gözlənilir.
Tim Qoss: “2017-ci ilin bolidləri quruluşca indikilərə bənzəyir, amma aerodinamika mütəxəssisləri fərqli sürüş yüksəkliklərində doğru hava axımını tapmaq üçün işləyirlər.
Bolidin çox yerini yenidən düşünməli olduq, çünki əvvəlkinə nisbətən fərqli reaksiyalar verirlər. 2017-ci ilin bolidləri daha alçaq quruluşda olacaqlar. Daha aqressiv görünəcəklər.
Arxa qanad alçaqda olacaq və enli təkərlər böyük diffuzor ilə xarizmatik və aqressiv görünəcək”.
Yeni bolidlərin asfaltla ilişməsi güclü olacaq. Tim Qoss bildirib ki, bunun hesabına bəzi döngələri tam sürətlə dönmək olacaq: “Məqsəd bolidləri daha aqressiv hala gətirmək və daha sürətli etmək idi. Beləliklə, Formula1 saf sürətinə görə avtoidmanın zirvəsi olacaq və eyni zamanda bolidlərin idarəetməsi çətinləşəcək.
Bu dəyişikliklərdən sonra bolidlərin idarəetməsi sürücülər üçün asan olmayacaq. Fiziki cəhətdən onlara daha çox yük düşəcək. Beləliklə, keçmişdəki kimi bolidi idarə etmək üçün çox idman etməli olacaqlar.
Sürücülər deyir ki, yeni bolidləri sürmək çətin olacaq. Buna görə də çox işləyib, boliddən maksimumu almalıdırlar. Bu bolidlərdən sonra bəzi döngələrin “döngə” statusu artıq olmayacaq. Mühəndislər sürücülərin ayaqlarını qazdan çəkərək keçdikləri yerləri döngə adlandırırlar. Amma qazı döşəməyə qədər sıxaraq keçirsinizsə, ora düzlük adlanır. Buna görə də artıq bəzi döngələr düzlük adlanacaq. Amma sürücülər döngələri sürətlə dönəcəkləri üçün onların boynuna daha çox G qüvvəsi düşəcək və bədənləri daha çox yorulacaq”.