Son yarışlarda Force İndia çox inkişaf edib və Adrian Sutil əmindir ki, mövsümün ikinci yarısında komanda mütəmadi olaraq ilk onluqda mübarizə aparacaq. Nürburqrinqdə Sutilin xal qazanamq şansı var idi, amma Kimi Rəykkönenlə toqquşmadan sonra əlavə pit-stop onun ümidlərini puç elədi. Alman sürücü əmindir ki, Macarıstanda da yüksək yerlər uğrunda mübarizə apara biləcək…
Adrian Sutil: “Biz ümid edirik ki, mütəmadi olaraq ilk onluqda mübarizə apara biləcəyik. Qarşıdakı uik-end qarşımızda bu vəzifə durur. Ona görə də xal qazanmaq şansımız var. Alman uik-endi zamanı əhvalım yaxşı idi, sıralanma turu uğurlu alındı, yarışın birinci hissəsi də nikbin olmağa əsas verirdi.
Sıralanma turunun ikinci hissəsinə keçmək çox vacibdir. Almaniyada bu plan məndə alındı, Cankarlo isə trafikə düşmüşdü. Bu dəfə hər ikimiz sıralanma turunda yaxşı nəticə göstərsək, komanda üçün əla hədiyyə olar.”