Sürücülər Sepanqın yenilənmiş son döngəsini bəyənməyiblər

F-1.az xatırladır ki, Malayziya Qran Prisinin keçirildiyi Sepanq trasında asfalt örtüyünün dəyişdirilməsi ilə yanaşı, bəzi döngələrdə də radikal dəyişikliklər edilmişdi.

Lakin yenilənmiş asfalt örtüyü və xüsusilə də bir qədər dəyişdirilmiş sonuncu döngə barədə fikirlər heç də birmənalı deyil. Trasdakı yenilənmələri həyata keçirən Dromo Engineering şirkətinin nümayəndəsi Yarno Zafelli son döngənin maraqlı ötmələrə imkan verəcəyini bildirsə də, bəzi sürücülər bu fikirlə razılaşmırlar.

Esteban Okon: “Həddən artıq mailidir. Döngədə trayektoriyadan kənara çıxmamaq demək olar ki, mümkün deyil. Sanki, ön təkərlər havada olur. Belə dönmək olmaz. Çox yavaşlamalı oluruq və bu, heç də əyləncəli deyil”.

Colion Palmer: “Trasda diqqət cəlb etmək üçün etdikləri şeylər pis deyil. Lakin döngə o qədər mailidir ki və əyləcə basaraq sürəti azaltmaq o qədər çətindir ki, bu da əsəblərimizi pozur. Əylənmə anında və döngənin çıxışında səhv etmək ehtimalımız çox yüksəkdir. Texniki cəhətdən maraqlı döngədir. Heç vaxt bu döngədən ideal çıxdığınızı düşünməyəcəksiniz, çünki olduqca çətindir… Ötmə üçün pis olduğunu düşünmürəm, lakin döngədən sonra da DRS zonası var və döngədən pis çıxmamaq  üçün heç kim riskə getmək istəməz”.

Karlos Sayns: “Normal döngə deyil. Əksini daha üstün tutardım. Maşını döngədə ram etmək çətin olur, trasın bir tərəfinə çəkilir. Normal hallarda döngəyə girərkən sürətə görə arxa təkərlərə güc salırıq. Lakin bu döngəyə çatanda bütün sürətimizi itiririk. Bir az qəribədir. Bəyənmədim…”

Roman Qrojan: “Əksinə, ötmələri çətinləşdirəcəyini düşünürəm”.

Felipe Massa: “Burada kimisə ötməyə şans yarana bilər, çünki DRS-in də köməyi olacaq. Amma döngədə mübarizə apararkən əyləcə gec basmaq təkərləri normal halda olduğundan çox bloklaya bilər və bu da öz növbəsində daha çox vaxt itkisinə səbəb olar”.

 

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*