Artıq cümə günü geridə qaldı. Birinci sərbəst yürüşlərdə Maks Ferstappen birinci yeri tutaraq, mövsümün ikinci hissəsində də əlçatmaz olacağının mesajını verdi. İkinci sərbəst yürüşlərdə isə ön plana son yarışların ən böyük ulduzu olan Lando Norris çıxdı və günü birinci yerdə qapatdı.
Lakin gün ərzində xoşagəlməz hallar da oldu. Onlardan ən əsası isə Daniel Rikkardonun qolunun qırılmasıdır. Belə ki, təcrübəli sürücü yerlisi Oskar Piastriyə çırpılmamaq üçün özü də bariyerlərə doğru hərəkət etdi və bolidini bariyerlərə çırpdı. Çırpılma anında avstraliyalı sürücü sükanı buraxmamışdı və sükan birdən fırlanaraq, onun sol əlini qırdı. Bu isə o deməkdir ki, Daniel Rikkardo Niderland Qran Prisində iştirak edə bilməyəcək. Hətta, onun İtaliyada da iştirakı sual altındadır.
Avstraliyalı sürücünü Red Bull Sürücü Akademiyasında yetişmiş Liam Louson əvəz edəcək. Liam daha əvvəl Formula2-də çıxış edib və keçən il çempionatı üçüncü yerdə bitirib. O, hazırda Yaponiyanın Super Formula seriyasında mübarizə aparır və hazırda turnir cədvəlində ikinci yerdədir.
Əslində əksəriyyət Nik de Frizin yerinə məhz Liam Lousonun gələcəyini düşünürdü. Lakin AlphaTauri komandası gənc sürücü ilə təcrübəli sürücünün vəhdətini istədiyi üçün 23 yaşlı Yuki Tsunodanın yanın daha əvvəl 8 yarış qazanmış Daniel Rikkardonu gətirdi. Bu qəzadan sonra isə Liam çoxdan arzusunda olduğu Formula1-də debüt edəcək.
Günün digər maraqlı hadisəsi isə Niko Hüleknberqin Haas-ın yeni qanadını qırması idi. Bu mövsüm qənaətbəxş performans göstərən almaniyalı sürücünü yeni müqavilədən sonra belə səhv etməsi Haas komandasını çox çətin vəziyyətə saldı, çünki komanda o qanaddan sadəcə 1 ədəd hazırlamışdı və onu tras üzərində test etdirmək istəyirdi.
Günün digər maraqlı xəbəri isə Şarl Leklerin qulağına infeksiyanın düşməsi və onun Monte Karlodan Zandforta təyyarə ilə yox, öz maşını ilə gəlməsi idi. 25 yaşlı pilot bunun üçün 14 saat maşın sürməli olub.
Mercedes komandasının sürücüsü Corc Rassell də sörfinq zamanı qəza edərək zədələnib. Ləns Stroll xəstələndiyi üçün 4-cü gün mətbuat konfransında iştirak etməmişdi. Bu isə onu göstərir ki, sürücülər hələ də tətil havasından çıxa bilmirlər.