Sürücülər bu dəfə də veteran futbolçulara məğlub olublar

Mayın 22-də ənənəvi xeyriyyə futbol oyunu baş tutub. Heyətində Monako şahzadəsi II Alberin də olduğu, Klaudio Ranyerinin məşqçilik etdiyi Star Team MC komandası sürücülərdən ibarət Nazionale Piloti komandası ilə qarşılaşıb. Oyun II Lui stadionundakı təmirlə əlaqədar Menton stadionunda keçirilib.

F-1.az xəbər verir ki, sürücülərin komandasında hazırda karyerasını davam etdirən Stoffel Vandorn, Karlos Sayns, Şarl Lekler, Serxio Peres, Pyer Qasli ilə yanaşı, Felipe Massa, Niko Rosberq, Mika Həkkinen, Cankarlo Fizikella, Vitantonio Liutsi, İvan Kapelli kimi sabiq sürücülər və Maro Engel, Luka Filippi, Cek Eytken, Nik de Vriz, Şon Gelael, Serxio Sette Kamara, Lui Deletraz, Marvin Kirqhofer, Conni Çekotto kimi digər seriyalarda yarışan sürücülər çıxış ediblər. Klaudio Ranyerinin məşqçilik etdiyi digər komandada isə Françesko Totti, Marko Simone, Uilyam Qallas, Flavio Roma, Lüdovik Jüli, Sebastyan Frey, Yan Koller və digər veteran futbolçular meydana çıxıblar.

Hesabı pilotlar açıblar – oyunun 15-ci dəqiqəsində Karlos Saynsın sağ cinahdan ötürməsini Maro Engel fantastik zərbə ilə tamamlayıb. Futbolçuların cavabı isə ikinci hissənin əvvəllərinə təsadüf edib. Yan Kollerə qarşı cərimə meydançasında kobudluq olub və penalti zərbəsi təyin edilib. Futbolçular bu imkandan qeyri-adi şəkildə istifadə ediblər. Top bir başa qapıya vurulmayıb, Simoneyə ötürülüb, o da hesabı bərabərləşdirib. 64-cü dəqiqədə Qallas baş zərbəsi ilə futbolçuları hesabda irəli çıxarıb. Hər iki tərəf daha bir neçə imkan əldə etsə də, hesab dəyişməyib.

Xatırladaq ki, keçənilki oyunda da futbolçular sürücüləri 2:1 hesabı ilə üstələmişdilər.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*