Pouldan başlamaq üstünlük deyil.
Formula1 üzrə Azərbaycan Qran Prisində hələ də yarışa pouldan başlayan sürücü podiuma belə yüksələ bilməyib. 2017-ci ildə Həmilton 5-ci, 2018-ci ildə isə Fettel 4-cü olub. Biz əminik ki, hazırda Valtteri Bottas da bu barədə düşünür və bu hal onun üzərində ikiqat təzyiq yaradır. Xatırladaq, finlandiyalı sürücü mövsümün 3-cü yarışı olan Çində də pouldan başlasa da, qələbəni əldən verərək, ikinci olmuşdu.
3 yarış, 3 fərqli qalib.
Bakı Şəhər Halqasında keçirilən yarışlarda 3 fərqli qalib olub. Bəs bu il necə olacaq? Qeyd edək ki, bu gün qələbəyə əsas namizədlərdən olan Bottas, Fettel, Lekler və Ferstappenin Bakıda qələbələri yoxdur.
Rəngli podiumlar
Mercedes komandası mövsümün ilk 3 yarışında qələbə dublu edib. Lakin Bakı Şəhər Halqasının keçmişinə nəzər saldıqda, “gümüşü oxlar”-ın bu seriyasının Bakıda bitəcəyi gözlənilir. Çünki BŞH-də keçirilən 3 yarışda da podiuma fərqli komandalardan 3 sürücü yüksəlib.
Sebastyan Fettel və Lyuis Həmilton Bakıdakı uğurlu seriyalarını davam etdirəcəklər?
Həmilton və Fettel BŞH-də keçirilən hər üç yarışda da xal qazanıblar. Bu gün bu sürücülər yarışa müvafiq olaraq, 2-ci və 3-cü yerdə başlayacaqlar. Bəs ümumilikdə 9 dəfə Dünya Çempionu olan sürücülər paytaxtımızdakı uğurlu seriyalarını davam etdirə biləcəklər?
Bütün bunların cavabını bilmək üçün axşam saat 16:10-da Formula1 tarixinin 1001-ci yarışını və saytımızı izləyin.