F-1.az xatırladır ki, Mixael Benetton-dan 1995-ci ilin payızının sonunda müqavilə öhdəliklərindən tamamilə azad olunmuşdu və çempionat başa çatan kimi dərhal İtaliyaya yollanmışdı. Maranelloda almaniyalı sürücü noyabrın 16-da ilk dəfə Ferrari bolidini zavod trasında 17 dövrə vurmaqla test etmişdi. Beş gündən sonra Mixael 157 seriya nömrəsi almış Ferrari 412 T2 bolidində Portuqaliyanın Eştoril trasında daha 28 dövrə vurmuşdu.
Həmin mövsümdə bu maşını Jan Alezi idarə etmişdi və bu şassinin sükanı arxasında İmolada 2-ci yeri tutmaqla Kanadada yeganə qələbəsini qazanmışdı. Yeri gəlmişkən, həmin qələbə Formula1 tarixində V12 mühərrikli maşınların hesabında sonuncu belə uğur olmuşdu.
Şumaxer test proqramını bitirdikdən qısa müddət sonra, həmin Ferrari 412 T2 şassisi almaniyalı kolleksiyaçı Peter Fandelə satılmışdı – o zaman komandaya başçılıq edən Jan Todt kolleksionerlə şəxsən danışıqlar aparmışdı. Peterdən sonra maşının sahibi daha iki dəfə dəyişmiş və nəhayət, 2018-ci ildə Maranelloya qayıtmışdı. Bazada yenidən bərpa olunan maşın tam işlək vəziyyətdədir və tarixi maşınların yarışına qatıla bilər.
Girardo & Co.-nun saytında maşının qiyməti əvvəlcədən göstərilməsə də, aydındır ki, belə bir Ferrari-nin şanlı keçmişini nəzərə alsaq, qiymətin yüksək olacağını güman etmək olar.
Ferrari 412 T2 şassisi Con Barnard və Qustav Brünner tərəfindən hazırlanmışdı, Tipo 044 adlanan 3 litrlik V12 mühərriki və köndələn altıpilləli yarımavtomat ötürücülər qutusu ilə təchiz olunmuşdu. Londonda hərraca çıxarılan maşın yarışlarda iştirak etməyə tamamilə hazırdır və özünəməxsus tarixini təsdiqləyən Ferrari-nin bütün zəruri sertifikatlarına malikdir.
Xatırladaq ki, bu maşının tarixi və statistikası ilə vaxtilə saytımızda dərc olunan yazıdan tanış ola bilərsiniz:
Ferrari-nin təkamülü (1950-2016-cı illər): 45-ci yazı – Ferrari 412 T2