F-1.az bildirir ki, əsas iştirakçılar mübarizədən kənar qaldıqları üçün stüardlar insidenti yarışın finişindən sonra araşdırmağa başlayıblar və izahat vermələri üçün stüardların otağına əvvəlcə Ferrari-nin sürücüləri, daha sonra isə Ferstappen çağırılıb.
Stüardların fikrincə, insidentin səbəbkarı Fettel olub, almaniyalı sürücü start-finiş düzlüyünün sonunda Ferstappenin önünə doğru trayektoriyasını dəyişib. Bu zaman Maksın çəkilməyə yeri olmayıb, çünki onun solunda daha yaxşı start almış Rəykkönen olub. Eyni zamanda, Kiminin də sola çəkilməyə yeri olmayıb, çünki finlandiyalı sürücü Maksı düz trasın sol kənarı ilə ötməyə çalışıb.
Amma yekunda stüardlar heç bir sürücünü cəzalandırmayıblar, onların fikrincə, sürücülərdən heç biri qadağan olunmuş addım atmayıb və baş verən qəza sadəcə yarış insidentidir.