Avropa Formula3 seriyasını qazanmağa çox yaxın olan gənc pilot Williams komandası ilə gələn mövsüm üçün müqavilə bağlayıb. Stroll Formula3 seriyasında çempion olarsa, super lisenziya alacaq və gələn mövsüm böyük ehtimalla Williams ilə yarışacaq. Komandanın onun üçün təyin etdiyi 13 min km-lik Formula1-ə hazırlıq testlərinə başlayan Stroll testləri Williams-ın 2014 bolidiylə keçirir.
O, komandanın ehtiyat pilotu olan Qəri Paffet tərəfindən hazır edilən bolidlə keçən həftə Macarıstanda ilk testini keçirmişdi. Bu həftə isə Stroll Avstriyanın Red Bull Ring trassında test edəcək. Williams-ın hazırladığı proqram çərçivəsində davam edən testlər pilotun ailəsi tərəfindən verilən 20 milyon dollar ilə maliyyələşir. Növbəti testlərin, əgər icazə verilərsə, Ostin, İnterlaqos, Yas Marina, Saxir, Sepanq və Suzukada olacağı gözlənilir.