F-1.az bildirir ki, toplantının bugünkü müzakirə mövzusu komandaların kənardan ala biləcəkləri elementlər sayını artırmaqdır. Yəni hazırda reqlamentdə komandanın özünün hazırlamalı olduğu elementlər konkret göstərilib, digər elementləri isə komanda digər kənar istehsalçıdan ala bilər.
Təklif olunub ki, 2021-ci il üçün yeni ayrı siyahı tərtib olunsun – bütün komandaların maşınlarında eyni olan və beləliklə də kənarda istehsalı mümkün olan elementlər bu siyahıda yer alsın. Kənar istehsalçı isə komandalardan biri də ola bilər.
Formula1-in texniki direktoru Pət Simonds hesab edir ki, komandalar yalnız birbaşa maşınının rəqabətədavamlı olmasına təsir edən elementləri özləri hazırlamalıdırlar – güc qurğusu və aerodinamikanın əsas elementləri. Bununla maşının sürətinə təsir etməyəcək və azarkeşlər tərəfindən görünməyəcək elementlərin istehsalında qənaət etmək mümkündür.
Bundan başqa, işçi qrup 2021-ci ildə güc qurğusu reqlamenti üzərində işini də davam etdirir. Gözlənildiyi kimi, konsepsiya dəyişməz qalacaq, amma məsrəflərin azaldılması məqsədilə bəzi məhdudiyyətlər tətbiq olunacaq – stend sınaqlarının müddətinin azaldılması, mövsümün gedişində yeniliklərin tətbiq sayının müəyyən edilməsi, müştəri komandalar üçün fərqli versiyaların tətbiqi və s.
Gözlənildiyinə görə, 2021-ci ildə komandaların büdcəsi 200 milyon dollarla məhdudlaşdırılacaq, iki ildən sonra isə daha 50 milyon dollar azaldılacaq. Mercedes isə 150 milyon dollarlıq büdcə ilə Qran Prilərin sayının 15-ədək azaldılmasını təklif edib və ya büdcənin azaldılmasını təqvimdə olan yarışların sayına mütənasib etmək.