Stoffel Vandorn kimdir?

Artıq xəbər verdiyimiz kimi, Avstraliyadakı yarışda ağır qəzaya uğrayan Fernando Alonsoya həkimlər Bəhreyn Qran Prisində yarışmağa icazə verməyiblər. Onun Çin Qran Prisinə çıxıb-çıxmayacağı da dəqiq deyil. Fernandonu McLaren məktəbinin yetirməsi və hazırda komandanın ehtiyat sürücüsü olan, GP2 üzrə son çempion Stoffel Vandorn əvəz edəcək.

F-1.az bildirir ki, Stoffel Vandorn 1992-ci il martın 26-da Belçikanın Kortreyk şəhərində anadan olub. Sürücülük karyerasına 6 yaşında kartinqlə başlayan Stoffel 10 il sonra – 16 yaşında KF2 kateqoriyasında Belçika çempionu olub. Növbəti il isə eyni kateqoriya üzrə dünya 2-cisi olub.

2010-cu ildə təkoturacaqlı maşın yarışlarında debüt edən sürücü F4 Eurocup 1.6 seriyasında gücünü sınayıb və özünü təsdiq edib – debüt ilindəcə seriyanın qalibi olub.

2011-ci ildə KTR komandası ilə Eurocup Formula Renault 2.0 seriyasında çıxış edir və 14 yarışda cəmi 1 dəfə – Hunqarorinqdə podiuma yüksəlir və mövsüm sonunda 5-ci olur. O, həmin il eyni komandanın tərkibində həm də Formula Renault 2.0 NEC seriyasında iştirak edir. Bu seriyada da 14 yarışa çıxır və 8 dəfə podiuma yüksələ bilir. Mövsümü 3-cü yerdə tamamlayır.

Stoffel 2012-ci ildə də 1 il əvvəl iştirak etdiyi seriyalarda mübarizəni davam etdirir. Amma bu dəfə o, Josef Kaufmann Racing komandasının sürücüsü idi. Eurocup Formula Renault 2.0-da 14 yarışda 4 qələbə qazanır və 11 dəfə podiuma yüksəlir. Mövsümü 1-ci yerdə başa vurur. Formula Renault 2.0 NEC seriyasında isə 9-cu yeri tutur.

2013-cü ildə Fortec Motorsport komandasının tərkibində Formula Renault 3.5-də debüt edir. Elə ilk ildəcə özünü təsdiq edən belçikalı mövsümü 214 xalla 2-ci yerdə bitirir.

2014-cü ildə isə daha yuxarı seriyada – GP2-də debüt edir. ART Grand Prix komandası ilə çıxdığı 22 yarışda 4 qələbə qazanan sürücü 10 dəfə də podiuma yüksəlir və mövsümü 2-ci yerdə yekunlaşdırır. Həmin il o, həm də McLaren-Mercedes komandasının test sürücü kimi Formula1-də ilk addımlarını atır.

2015-ci il isə onun üçün çox uğurlu alınır. GP2-də eyni komandanın tərkibində 2-ci mövsümünü keçirir və 21 yarışda 7 qələbə qazanır, 16 dəfə isə podiuma yüksəlir. Mövsümü 341,5 xal toplayaraq çox böyük fərqlə çempion kimi tamamlayır. Eyni zamanda McLaren Honda komandasının test sürücüsü olmaqda davam edir.

Bu il isə o, McLaren Honda-nın ehtiyat sürücüsüdür və eyni zamanda, Docomo Team Dandelion Racing komandası ilə Super Formula seriyasında iştirak edəcək. Seriya 24 apreldə Suzukada başlayacaq və mövsüm 7 yarışdan ibarət olacaq. Son yarış isə 30 oktyabrda yenə də Suzukada baş tutacaq.

Bu gün isə Stoffel üçün əlamətdar gündür. Çünki bu gün onun Bəhreyndə Fernando Alonsonu əvəz edəcəyi açıqlandı. Formula1-ə qədər olan karyerasında olduqca uğurlu çıxış edən sürücü sözsüz ki, Bəhreyndə diqqət mərkəzində olacaq.

Aşağıdakı cədvəldə karyerasına bir daha nəzər salırıq və ona F-1.az saytı olaraq Formula1 karyerasında uğurlar arzulayırıq.

Mövsüm Seriya Komanda Yarış Qələbə Poul Podium Xal Yer
2010 F4 Eurocup 1.6 Autosport Academy 14 5 5 9 151 1
2011 Eurocup Formula Renault 2.0 KTR 14 0 0 1 93 5
Formula Renault 2.0 NEC 14 0 3 8 328 3
2012 Eurocup Formula Renault 2.0 Josef Kaufmann Racing 14 4 6 11 244 1
Formula Renault 2.0 NEC 7 5 4 6 176 9
2013 Formula Renault 3.5 Fortec Motorsport 17 4 3 10 214 2
2014 GP2 ART Grand Prix 22 4 4 10 229 2
Formula1 McLaren Mercedes Test sürücü
2015 GP2 ART Grand Prix 21 7 4 16 341.5 1
Formula1 McLaren Honda Test sürücü
2016 Super Formula Docomo Team Dandelion Racing
Formula1 McLaren Honda Ehtiyat sürücü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*