F-1.az xatırladır ki, keçən həftəsonu quru havada keçsə də, bu dəfə belə olmayıb. Cümə günü müvafiq olaraq, Peresin və Ferstappenin hamını üstələdiyi birinci və ikinci məşqlər zamanı yağış yağmasa da, dünən üçün nəzərdə tutulan üçüncü məşqlər ləğv olunub. Sıralanma turu da planlaşdırılandan 46 dəqiqə gec başlayıb və sürücülər sona qədər yağış təkərlərindən istifadə etməli olublar.
Həmilton sıralanma turunda yağışlı havalardakı ustalığını bir daha nümayiş etdirərək 1.2 saniyəlik fərqlə poulun sahibi olub. Yarışa onun yanından start almağa Ferstappen haqq qazanıb. Sayns və Bottas ikinci, Okon və Elbon üçüncü cərgəni tutublar.
Norris birinci məşqlərdə sarı bayraqlar altında ötmə etdiyi üçün, Lekler isə sıralanma turunda Kvyatı əngəllədiyi üçün 3 yer itirməklə cəzalandırılıb. Ötürmələr qutusu dəyişdirilən Covinatsiyə 5 yer itirmək cəzası verilsə də, sıralanma turunda 19-cu olduğundan, cəmi bir pillə geri düşüb. Qrojan isə Haas tərəfindən qapalı park qaydaları pozulduğu üçün pit-leyndən start alıb.
Pirelli bir həftə əvvəl olduğu kimi, bu dəfə də orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Sıralanma turunda hər kəs yağış təkərlərindən istifadə etdiyindən, bugünkü seçimlər sərbəst olub – Rikkardo, Fettel, Kvyat, Rəykkönen, Latifi və Covinatsi Medium, yerdə qalan sürücülər isə Soft təkərlərlə yarışa başlayıblar.
Startda Həmilton yerini qoruyub, Elbon Okonu keçib. Üçüncü döngədə Ferrari sürücüləri toqquşublar – Lekler Fettelin maşınını arxadan vurub və alman sürücünün maşınının arxa hissəsi ciddi zədə alıb. Təhlükəsizlik Maşını trasa çıxıb. Fettel üçün yarış başa çatıb. Lekler məcburi pit-stop edib trasa qayıdıb. Monakolu sürücü günahını etiraf edib və üzr istəyib. 2-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Sayns – Bottas – Elbon – Okon – Rikkardo – Qasli – Norris – Stroll.
Restart üçüncü dövrədə verilib, Həmilton yenə yerini qoruyub,Stroll Norrisi keçib. Lekler də maşını zədələndiyindən, 5-ci dövrədə mübarizəni dayandırıb. Rassell bir dövrə sonra çınqıllığa düşüb və geri qayıdıb. 6-cı dövrədə Bottas Saynsı qabaqlayıb. İspan sürücü iki dövrə sonra da Elbon tərəfindən keçilib.
Elbon ilk üçlükdən hər dövrədə demək olar ki, 1 saniyə geri qalıb. Əla start alan Peres Norrisi keçərək ilk onluğa yüksəlib. Onun komanda yoldaşı Stroll da öz növbəsində Qaslini qabaqlayaraq 8-ci olub.
Rikkardo komanda yoldaşına ardıcıl hücumlar edib və Okon nəhayət ki, təslim olub. Norris də Qaslini ötüb. 21-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Bottas – Elbon – Sayns – Rikkardo – Okon – Stroll – Peres – Norris.
Ferstappen və Qasli 25-ci dövrədə pit-stop ediblər. Bir dövrə sonra Okon soyutma sistemlərindəki problemə görə yarışı dayandırıb. Həmilton 27-ci dövrədə Maksın pit-stop həmləsinə cavab verib. Sayns 33-cü dövrədə təkərlərini dəyişərkən arxa sol təkər gec bağlandığından, vaxt itirib. Bottas isə Soft təkərlərlə 35-ci dövrəyə qədər sürüb, pitdən daha təzə təkərlərlə Ferstappenin arxasında qayıdıb.
Növbəti dövrələrdə Rassell, Elbon, Kvyat, Rikkardo, Qrojan, Peres, Norris, Covinatsi və nəhayət, Rəykkönen təkərlərini dəyişiblər. Peres Strollu, Kvyat isə Qaslini keçib. 46-cı dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Bottas – Elbon – Rikkardo – Peres – Stroll – Sayns – Norris – Kvyat.
Peres 49-cu dövrədə Rikkardonu keçib və dərhal Elbonla fərqi azaldıb. Sayns təkərlərlə bağlı problem yaşadığından, Norrisi önə buraxıb. Bottas arxa təkərləri tamamilə yeyilmiş Ferstappenlə fərqi azaltmağa başlayıb, 66-cı dövrədə onu keçib. Lakin Maks yerini qaytarmağa müvəffəq olub. Növbəti cəhd daha uğurlu olub və keçən yarışın qalibi ikinci yerə yüksəlib.
Sayns və Ferstappen ən sürətli dövrə vurmaq üçün təkərlərini dəyişiblər və Sayns buna nail olaraq əlavə bir xal qazanıb. Peres Elbona hücum edib və ön qanadını zədələyib. Sonuncu dövrədə Stroll Rikkardonu təhlükəli şəkildə keçib.
Lyuis Həmilton mövsümdə birinci, karyerasında isə 85-ci qələbəsini qazanaraq Mixael Şumaxerin rekorduna bir qədər də yaxınlaşıb. Valtteri Bottas ikinci olaraq çempionatdakı liderliyini qoruyub. Maks Ferstappen isə üçüncü yeri tutaraq mövsümdə ilk xallarını qazanıb.
Çempionatın iştirakçıları iki həftə vaxt keçirdikləri Şpilberqi tərk edirlər – mübarizə gələn həftə Macarıstanda davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:22.50.683 | 1 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 0:13.719 | 1 |
3 | 33 | Maks Ferstappen | Red Bull | + 0:33.698 | 2 |
4 | 23 | Aleksander Elbon | Red Bull | + 0:44.400 | 1 |
5 | 4 | Lando Norris | McLaren | + 1:01.470 | 1 |
6 | 11 | Serxio Peres | Racing Point | + 1:02.387 | 1 |
7 | 18 | Ləns Stroll | Racing Point | + 1:02.453 | 1 |
8 | 3 | Daniel Rikkardo | Renault | + 1:02.591 | 1 |
9 | 55 | Karlos Sayns | McLaren | +1 dövrə | 2 |
10 | 26 | Daniil Kvyat | AlphaTauri | +1 dövrə | 1 |
11 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | +1 dövrə | 1 |
12 | 20 | Kevin Maqnussen | Haas | +1 dövrə | 1 |
13 | 8 | Roman Qrojan | Haas | +1 dövrə | 1 |
14 | 99 | Antonio Covinatsi | Alfa Romeo | +1 dövrə | 1 |
15 | 10 | Pyer Qasli | AlphaTauri | +1 dövrə | 2 |
16 | 63 | Corc Rassel | Williams | +2 dövrə | 1 |
17 | 6 | Nikolas Latifi | Williams | +2 dövrə | 1 |
Sürətli Dövrə: Karlos Sayns (McLaren) 1:05.619 (68-ci dövrə, 236.894 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Sebastyan Fettel | Ferrari | 1 | qəza |
Şarl Lekler | Ferrari | 5 | qəza |
Esteban Okon | Renault | 26 | soyutma sistemi |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas | 43 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas | 37 | |
3 | 4 | Lando Norris | McLaren F1 Team | 26 | |
4 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 18 | |
5 | 55 | Serxio Peres | BWT Racing Point F1 Team | 16 | |
6 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 15 | |
7 | 55 | Karlos Sayns | McLaren F1 Team | 13 | |
8 | 23 | Aleksander Elbon | Aston Martin Red Bull Racing | 12 | |
9 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri Honda | 6 | |
10 | 18 | Ləns Stroll | BWT Racing Point F1 Team | 6 | |
11 | 31 | Esteban Okon | Renault DP World F1 Team | 4 | |
12 | 3 | Daniel Rikkardo | Renault DP World F1 Team | 4 | |
13 | 99 | Antonio Covinatsi | Alfa Romeo Racing | 2 | |
14 | 26 | Daniil Kvyat | Scuderia AlphaTauri Honda | 1 | |
15 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 80 |
2 | McLaren F1 Team | Renault | 39 |
3 | Aston Martin Red Bull Racing | Honda | 27 |
4 | BWT Racing Point F1 Team | Mercedes | 22 |
5 | Scuderia Ferrari | Ferrari | 19 |
6 | Renault DP World F1 Team | Renault | 8 |
7 | Scuderia AlphaTauri Honda | Honda | 7 |
8 | Alfa Romeo Racing | Ferrari | 2 |