Ferrari-yə keçdikdən sonra Kimi Rəykkönen mühəndislərlə dərhal dil tapa bilməmişdi, xüsusən də radio ilə danışıqlar yaxşı alınmırdı – azdanışan Kimi bəzən qısa ifadələrlə kifayətlənirdi, çoxdanışan italiyalılar isə onu başa düşə bilmirdilər. Bir neçə dəfə çətin anlar yaşandı və hər dəfə də köməyə telemetriya mühəndisi Andrea Stella gəlirdi: “Kimi istəyir ki, dövrəvi pilota göy bayraq göstərilsin.” O vaxtdan italiyalı mühəndis Rəykkönenlə danışıqlarda vasitəçilik edirdi, bu ildən isə o Kiminin yarış mühəndisi təyin olunub. İtaliyada dərc olunan Corriere della Sera qəzetinə müsahibəsində Andrea Stella karyerasından və Kimi ilə ünsiyyətdən danışıb…
Andrea Stella: “Söhbət yalnız xarakterin və dil mədəniyyətinin məxsusiliyindən getmir, Kimi, ümumiyyətlə, məlumatı həddən çox sıxılmış formada almağı xoşlayır. Məsələn, onunla söhbətdə sessiyanın nəticələrinin üçsaatlıq müzakirəsinin xeyri az olacaq, daha yaxşı olar ki, ona problemləri və telemetrik cədvəlin qısa formasını göstərəsən və vacib bəndləri markerlə işarə edəsən. Elə mənim də uzun disputlardan xoşum gəlmir, bu məsələdə biz Kimi ilə oxşarıq. Biz Mixael Şumaherlə işləyəndə, o məntiq və müzakirələrə əsaslanan qərarlar qəbul edirdi, Kimi isə intuitiv olaraq, öz hissiyatına əsaslanaraq.
Məni yeni maraqlı iş gözləyir – amma məsuliyyət də çoxdur, böyük çağırışdır. Yarış mühəndisinin vəzifəsi sürücünün komanda ilə qarşılıqlı əlaqələri prosesini koordinasiya etməkdir, bu zaman cari vəziyyəti və reqlamenti təhlil edib sürücüyə trasda maksimum komfort şərait yaratmalısan. Əgər finişdən sonra bir-birimizə “İşimizin öhdəsindən əla gəldik” desək, mən çox şad olaram.”