Serbiyanın Stefan GP komandası ictimaiyyətə və FİA-ya qarşı psixoloji hücumunu davam etdirir. Bir neçə həftə əvvəl komanda avadanlıqlarla dolu konteyneri Bəhreynə göndərmişdi, indi isə komandanın mətbuat xidməti xəbər verib ki, konteyner Bəhreynə çatıb və sübut kimi relizə nəqliyyat şirkətinin sənədlərini də əlavə edib. Komanda çempionatda iştirak emək hüququnu qazanmağa ümid edir…
Relizdə deyilir: “Stefan GP komandası hamıya bildirmək istəyir ki, fevralın əvvəlində göndərdiyimiz konteynerlər artıq Bəhreynə çatıblar. Biz DHL şirkətinin rəsmi sənədini də relizə əlavə edirik ki, yükün çatmasına şübhə olmasın. Gələn həftə biz Formula1 maşınımızı təqdim edəcəyik – bununla da bir daha çempionatda iştirak etmək planlarımızın ciddiliyini sübut edəcəyik.
Əgər biz starta çıxmağa icazə almasaq və bəzi komandalar Bəhreyndə starta çıxmasalar, kimsə baş verənləri izah etməli olacaq. ABŞ-dan olan xəyalpərəstlər də öz hərəkətlərinə izahat verməli olacaqlar, çünki onlar bilərəkdən Formula1-in nüfuzuna xələl gətirirlər. Onlar ideal dünyadan danışırdılar, harda ki, ABŞ komandası uğur qazanacaq, amma uğur ciddi işin nəticəsində gəlir.”