F-1.az xəbər verir ki, qısa Zaksenrinq trasında mübarizə yalnız ilk 5 dövrədə olub. Pouldan start almış mövsümün lideri Ducati-nin sürücüsü Françesko Banyaya ilk döngələrdə liderliyini qoruyub və rəqiblərindən uzaqlaşmağa çalışıb. Amma, onun keçmiş komanda yoldaşı, hazırda Red Bull KTM-in şərəfini qoruyan Cək Miller adətən bu trasda güclü olduğunu yada salıb və Pekkodan əl çəkməyib.
Liderlər bir neçə dəfə mövqelərini dəyişib və başları mübarizəyə elə qarışıb ki, dördüncü dövrədə arxa düzlükdə Pramac-dan Xorxe Martinin hücumunu qaçırıblar – ispaniyalı sürücü öndə olan iki sürücünü bir həmlə ilə keçib, az qalıb yıxılsın, amma həm baykını trasda saxlaya bilib, həm də liderliyini əldən verməyib. Bundan sonra Xorxe mövsümdə ikinci sprint qələbəsinə doğru inamla şütüyüb.
Arxada qalan Pekko və Cək də risk etməməyi qərara alıblar və sadəcə finişə çatmağa üstünlük veriblər.
Onların arxasında isə finişədək mübarizə gedib. Martinin komanda yoldaşı Joan Zarko Red Bull KTM-dən Brəd Binderi təhlükəli manevrlə qabaqlaya bilsə də, VR46-dan Luka Mariniyə finişdə cəmi 0.05 saniyə uduzub.
Honda-dan Mark Markesin isə həftəsonu ərzində 4 dəfə yıxıldıqdan sonra yarış tempi olmayıb və sürücü yer itirə-itirə gedib və yekunda 11-ci yerdə finişə çatıb. Yamaha-dan Fabio Kuartararo ondan da zəif çıxış edib və 13-cü yerlə kifayətlənib. Aprilia-dan Maverik Vinyales isə heç finişə də çata bilməyib və son dövrələrdə yıxılıb.
Sabah baş tutacaq əsas yarışla mərhələyə yekun vurulacaq…