Bu il artıq Belçika yarışı ilə mövsümün ilk yarısını qapadırıq. Spa-Frankorşamps trası həmişə sürprizlərə açıq olub, çünki tras uzundur. Burada hava tez-tez dəyişdiyi üçün strategiya da çox vacibdir, çünki tras təqvimin ən uzun trasıdır və bir sürücünün edəcəyi xırda bir səhv onu geriyə sala bilər.
Düzdür, Red Bull komandası keçən il burada çox asanlıqla qələbə qazanmışdı. Yarışa Karlos Sayns pouldan başlasa da, 15-ci yerdən start almış Maks Ferstappen ən yaxın rəqibinə 18 saniyə fərq ataraq, qalib gəlmişdi. Buna görə də builki yarışın da ən böyük favoriti Red Bull-dur.
“Qırmızı öküzlər” Macarıstanda qalib gələrək, ardıcıl 12-ci qələbələrini bayram etdilər və yeni rekorda imza atdılar. İndi Avstriya təmsilçisinin gözü növbəti rekorddadır – Maks Ferstappenə ardıcıl ən çox qələbə qazandırmaq. Hazırda Maksın ardıcıl 7 qələbəsi var. Rekord isə 2013-cü ildə Red Bull ilə ardıcıl 9 yarış qazanmış Sebastyan Fetteldədir. Gənc niderlandlı sürücü son iki ildə qazandığı Spa-da yenə qalib gələrək, bu rekorda yaxınlaşmağa çalışacaq.
Bu yarışın digər favoriti isə McLaren komandasıdır. Britaniyalılar son yeniliklərdən sonra sürətləniblər. “Narıncılar” özlərinə uyğun olmayan Macarıstanda belə podium qazanaraq, əsas rəqibləri olan Mercedes, Ferrari və Aston Martin-dən çox xal topladılar. Spa-Frankorşamps trası isə onlar üçün daha əlverişlidir. Lando Norris burada da poiuma yüksəlsə, mövsümün ikinci yarısında üçüncü yer uğrunda amansız mübarizə izləyə bilərik. Gənc Norrisin bu idmanın qoca qurdları Lyuis Həmilton və Fernando Alonso ilə üçüncülük mübarizəsi hamı üçün maraqlı olacaq.
Ferrari komandası son illərdə Belçikada pis təsir bağışlamayıb. Lakin builki maşın çox qeyri-stabildir. Maşının təkərləri tez öldürməsi onları çox geriyə salır. Buna görə də “qırmızılar”ı çətin sınaq gözləyir. Digər tərəfdən Mercedes-in bu trasdakı performansı çox adama maraqlıdır. “Gümüşü oxlar” təcrübə hesabına buradan podiumla ayrıla bilər.
Bu həftəsonunun digər maraqlı tərəfi isə sprint yarışının olmasıdır. Bu isə o deməkdir ki, komandaların ixtiyarında sadəcə birinci sərbəst yürüşlər olacaq. Cümə günü keçiriləcək sıralanma turundan sonra maşın qapalı parka salınacaq. Bu isə dəyişkən hava şəraiti olan Belçikada sürücülər üçün arzu olunan hal deyil. Yəni ki, daha tez sazlanma tapa bilən komanda ön plana çıxacaq.
Bu il sprint həftəsonlarında Red Bull və Ferrari komandaları ön plana çıxıb. Buna görə də “qırmızılar” hər şeyi düzgün etsələr, burada üçüncü podiumlarını əldə etmək şansları olacaq.