Britaniyanın Autosport saytının jurnalistlərinə FİA-nın Ümumdünya Şurasının sentyabrın 21-də baş tutacaq Nelsinyo Pikenin keçənilki Sinqapur yarışında qəzasına həsr olunmuş növbədənkənar iclasında müzakirə ediləcək bəzi faktlar məlum olub. Jurnalistlərin əldə etdikləri məlumatlara görə, həlledici məsələ yarışın startına bir saat qalmış Nelsinyonun Flavio Briatore və Pət Simondsla görüşü olacaq.
Pikenin federasiyaya təqdim etdiyi izahatda söhbət ondan gedir ki, Renault-nun motorhoumunda yarışın strategiyası müzakirə olunarkən, Briatore və Simonds ondan Alonsonun qalib gəlməsi üçün qəza törətməsini xahiş ediblər. Pikenin dediyinə görə, o bu təklifi komandanın vəziyyətinə və müqaviləsinin uzadılmasına görə qəbul edib. O yarışda start alıb və göstərilən dövrədə maşını divara çırpıb.
Pike bildirib ki, bu görüşdən sonra Simonds xahiş edib ki, qəza Alonsonun pit-stopundan sonra 13 və 14-cü dövrənin 17-ci döngəsində olmalıdır. Bu döngə qəsdən seçilib – bu yerdə qaldırıcı kran olmadığından istənilən qəza Təhlükəsizlik Maşının trasa çıxmasına səbəb olmalı idi.
Pikenin izahatı Briatore və Simondsun FİA-ya ünvanladıqları məktubda rədd olunub. Onlar əmin edirlər ki, görüş olub, amma qəza qərarını Pike özü qəbul edib.
Flavio Briatore: “Biz Pike ailəsinin şatajının qurbanıyıq. Mən təsdiq edirəm ki, bazar günü səhər Pike ilə görüşmüşəm, amma bu barədə söhbət olmayıb. Mənim yadımdadır ki, Sinqapurda Pike çox həyəcanlı və əsəbi idi, həm də onun qəzasından sonra mənim necə məyus olduğumun videoyazısı var.”
Pət Simonds: “Bazar günü biz Nelsinyo ilə yarışı, strategiyasını, Təhlükəsizlik Maşının çıxma ehtimalını müzakirə etmişik, amma bu mövzunu Pike şəxsən özü təklif etmişdi və bu yalnız söhbət idi.”
Mənbə əmin edir ki, iyulun 26-da Nelsinyonun Renault-da son yarışından sonra onun atası FİA-nın prezidenti Maks Mosli ilə görüşüb və bu insidnet barədə məlumatlandırıb. İyulun 30-da Nelsinyo FİA-nın Parisdəki mənzil qərargahında olub və federasiyanın nümayəndələrinə, FİA-nın daimi stüardı Alan Donelliyə və araşdırmaya cəlb olunan Quest agentliyinin əməkdaşlarına izahat verib. Pikenin etirafından sonra keçənilki Sinqapur Qran Prisinin üç stüardı və Quest-in iki əməkdaşı Spaya yollanıblar və Renault-nun bəzi nümayəndələrini dindiriblər.
İtaliyanın Autosprint qəzeti yazır ki, əlavə sübut Nelsinyonun maşının telemetriyası olub, bundan sonra FİA məsələni Ümumdünya Şurasının növbədənkənar iclasında müzakirəyə təqdim edib. Pikenin qəzaya uğradığı 17-ci döngədə bütün maşınların arxa təkərləri trasla ilişməni itirirdilər, ona görə də sürücülər hər bir dövrədə qaz pedalını qısa müddətə buraxırdılar ki, maşını itirməsinlər. Amma qəza dövrəsində Nelsinyo pedalı basmaqda davam edib.
Keçənilki Sinqapur yarışının hadisələri yaxın günlərdə müzakirə öbyekti olaraq qalacaqdır…