Sinqapur-2023: Sayns qalib gəldi, Maks və Red Bull-un seriyaları sona çatdı

Mövsümün 15-ci mərhələsi olan Sinqapur yarışənın qalibi Karlos Sayns olub və o, uzun müddətdən sonra Ferrari-yə qələbə qazandığıb. Maks Ferstappenin 10 yarışlıq, Red Bull komandasının 15 yarışlıq qələbə seriyaları sona çatıb.

F-1.az xatırladır ki, Karlos Sayns yarışa pouldan başlayırdı, Corc Rassell ikinci, Şarl Lekler üçüncü yerdə idi. Lekler statrda yer qazanmaq üçün ilk iki yerdəki rəqibindən fərqli strategiya seçib. Belə ki, Sayns və Rassell yarışa Medium təkərlərlə, monakolu sürücü isə Soft təkərlərlə yarışa başlayırdılar. Dünənki sıralanma turunda son sessiyaya keçə bilməyən Red Bull komandasının sürücüləri Maks Ferstappenlə Serxio Peres isə startda Hard təkərləri seçmişdilər.

Karlos Sayns yarışın startından sonra birinci döngəyə lider girib və qələbə üçün vacib addım atıb. Şarl Leklerin startda Soft təkər seçməsi isə onun işinə yarayıb və o, Corc Rasselli keçərək, ikinci yerə yüksəlib.

Yarışın startında Lyuis Həmilton trası kəsərək, həm Norrisi, həm də Corc Rasselli geridə qoyub. Lakin o, əvvəlcə Rassellə daha sonra isə Norrisə yerini qaytarıb və yenidən beşinci yerə qayıdıb.

10 dövrədən sonra komandalar təkər qorumaqla məşğul idilər. İlk iki yerdə olan Ferrari komandasının sürücüləri yarışı nəzarətdə aparırdılar. Leklerlə Saynsın arası 0.8-0.9 saniyə idi. Rassell bu iki sürücüdən 2 saniyə geridə idi. Bundan sonra Ferrari komandası Leklerdən tempi aşağı salmasını və fərqi 3 saniyəyə qədər çıxarmasını istədi.

19-cu dövrədə təkərqoruma oyunu sona çatdı, çünki trasa təhlükəsizlik maşını girdi. Belə ki, Williams komandasının gənc sürücüsü Loqan Sarcent bariyerlərə çırpıldı və ön qanadı bolidin altına düşdü. Amerikalı sürücü pitə gəlsə də, trasa qırıntılar saçdı. Buna görə də trasa təhlükəsizlik maşını çıxdı. Bundan sonra Ferstappen, Peres və Bottasdan başqa bütün sürücülər pitə gələrək, təkər dəyişdilər. Saysn, Lekler, Rassell, Həmilton, Norris, Alonso Hard təkərə keçdilər. Lakin Alonso pitə gələndə pit yolunu qaçırdığı üçün 5 saniyə cəza aldı.

Pitlərdən sonra Lekler 6-cə yerə gerilədi. Red Bull komandasından Ferstappen ikinci, Peres 6-cı oldu. Restartdan sonra daha təzə təkərli sürücülər Ferstappenlə Peresi keçdilər. Sayns isə liderliyini qoruyurdu, amma arxasında artıq Lekler yox, Rassell var idi. Bundan sonra iki sürücü arasında siçan-pişik oyunu başladı.

Yarışın 43-cü dövrəsində isə altıncı yerdə olan Esteban Okon mexaniki problem yaşayaraq, mübarizəni dayandırıb. Bundan sonra virtual təhlükəsizlik maşını rejiminə start verilib. Bu rejimdən istifadə edən Mercedes komandasının sürücüləri pit-stopa gəliblər və yeni dəst Medium təkərlər götürüblər. Bundan sonra sıralanma belə oldu – Sayns, Norris, Lekler, Rassell və Həmilton.

Virtual Təhlükəsizlik maşını rejimi bitəndən sonra Mercedes komandasının sürücüləri öndəki üç rəqiblərindən hər dövrə 2 saniyə sürətli olaraq, gəlməyə başlayıblar. Corc Rassell lider Saynsdan 18 saniyə geridə olsa da, təzə təkərlərin hesabına sürətlə yaxınlaşırdı. Yarışın 53-cü dövrəsində isə Rassell rəqibi Lekleri keçərək, üçüncü yerə yüksəldi. Bir dövrə sonra isə həmilton monakolu sürücünü geridə qoyaraq, qələbə üçün iddiasını ortaya qoyub.

Yarışın 57-ci dövrəsində isə Corc Rassellə Lyuis Həmilton ilk iki yerdəki Saynsla Norrisə çatıblar. 58-ci dövrədə isə fərqlər daha da azalmışdı. Artıq lider Saynsla 4-cü yerdəki həmiltonun fərqi 1.4 saniyə idi. Yarışın bu nöqtəsində Karlos Sayns ikinci yerdəki Lando Norrisə DRS verərək, Rassellin irəliləməsinə icazə vermirdi.

Yarışın son dövrəsində isə sözün əsl mənasında dram yaşandı. Belə ki, Norrislə mübarizə apran Corc Rassell bariyerlərə sürtülərək, maşının idarəetməsini itirdi və bariyerlərə çırpılaraq, mübarizəni dayandırdı.

Beləliklə, Karlos Sayns yarışı qazandı, Lando Norris ikinci, Lyuis Həmilton üçüncü, Şarl Lekler dördüncü yeri tutdular. Yarışa 11-ci yerdən başlayan Maks Ferstappen isə yarışı beşinci yerdə bitirdi.

Beləliklə, Red Bull komandasının 15 yarışlıq, Maks Ferstappenin 10 yarışlıq qələbə seriyası sona çatdı. Ferrari komandası isə 2022-ci ilin Avstriya yarışından sonra ilk dəfə qalib gəldi.

Mövsümün 16-cı mərhələsi gələn həftəsonu Yaponiyada keçiriləcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*