Sinqapur-2017: Yarış

Sinqapurda sentyabr ayında yağış hər gün yağır, amma gecə və ya səhər tezdən - bu günə qədər təqvimin ilk gecə yarışını qəbul edən trasda keçirilmiş 9 yarış quru asfaltda baş tutmuşdu: bu il isə yarış yağış altında başlayıb!

F-1.az xatırladır ki, sərbəst yürüşlərdə Red Bull sürücüləri dominantlıq etmişdilər. Cümə günü həm birinci,həm də ikinci məşqlərdə Daniel Rikkardo, şənbə günü səhər isə Maks Ferstappen rəqiblərindən güclü olmuşdular. Sıralanma turunda isə Ferrari rəqiblərini təəccübləndirib – Fettel mövsümdə 3-cü poulunu qazanmaqla, Niko Rosberqin keçənilki rekordunu 3 saniyədən çox yaxşılaşdırıb.

Fettel və Ferstappen yarışa ilk cərgədən başlayıblar, Rikkardo və Rəykkönen isə ikinci cərgədə yer alıblar. Mercedes sürücüləri 3-cü cərgəni zəbt ediblər – Həmilton Bottasdan bir neçə metr öndə yer alıb.

Starta saat yarım qalmış yağış tam dayanıb, amma startdan 15 dəqiqə əvvəl yenidən yağmağa başlayıb. Lakin trasda su çox olmadığı üçün ağır yağış təkərləri məcburi elan olunmayıb və start Təhlükəsiz Maşınının arxasında deyil, adi qaydada verilib.

Ferrari, Red Bull, Mercedes, Toro Rosso sürücüləri və Qrojanla Stroll start üçün keçid təkərlərini, digər sürücülər isə ağır yağış təkərlərini seçiblər.

Startda Ferstappen ləngiyən Fettelə hücum etməyə cəhd edib, bunu görən almaniyalı sürücü hollandiyalının yolunu kəsməyə çalışıb. Ferstappendən solda daha yaxşı start almış Rəykkönen olduğu üçün Maks iki qırmızı maşının arasında qalıb. Maks Kimiyə çırpılıb, finlandiyalı sürücü isə əvvəlcə Fettelə, daha sonra isə Maks və Fernando Alonsoya çırpılıb. Bu insidenti yarışdan sonra araşdıran stüardlar heç bir sürücünü cəzalandırmayıblar.

Fettel 4-cü döngədən sonra zədələnmiş maşını trasda saxlaya bilməyib və baryerlərə çırpılaraq ön qanadını itirib, bir neçə döngədən sonra almaniyalı sürücü mübarizəni tam dayandırmalı olub. Hər iki Ferrari mübarizəni ilk dövrədə dayandırıb.

Lyuis Həmilton liderliyə yüksəlib. Trasa isə Təhlükəsizlik Maşını çıxıb – Bernd Maylander sürücüləri pit-leyndən keçirib ki, marşallar trasdakı qırıntıları təmizləyə bilsinlər. Təhlükəsizlik maşınının arxasında ilk onluq: Həmilton – Rikkardo – Hülkenberq – Peres – Bottas – Palmer – Vandorn – Okon – Sayns – Maqnussen.

4-cü dövrədə TM trası tərk edib, Həmilton liderliyini qoruyub və rəqiblərindən uzaqlaşmağa başlayıb. Palmer isə Bottası qabaqlayıb. Restartdan sonra tras keçid təkərlər üçün çox sürüşkən olub, amma bir neçə dövrədən sonra yağış dayanıb və vəziyyət tərsinə dəyişməyə başlayıb.

7-ci dövrədə Alonso düzlükdə hər iki Williams sürücüsünü buraxmalı olub – startda zədələnmiş maşınla lazımi səviyyədə çıxış edə bilməyən ispaniyalı sürücü bir neçə dövrədən sonra mübarizəni boksda dayandırmalı olub.

9-cu dövrədə Sayns Okonu keçərək 8-ci yerə yüksəlib, 11-ci dövrədə Maqnusseni qabaqlayan Kvyat bir neçə döngə sonra qəzaya uğrayıb. Maşın təhlükəli yerdə olduğu üçün TM növbəti dəfə trasa çıxıb. 11-ci dövrədən sonra ilk onluq: Həmilton – Rikkardo – Hülkenberq – Peres – Palmer – Bottas – Vandorn – Sayns – Okon – Maqnussen.

12-ci dövrədə TM-in arxasında Rikkardo, Peres və Okon, növbəti dövrədə Hülkenberq, Palmer, Vandorn yeni keçid təkərləri dəsti alıblar. Stoffel trasa Massa ilə yanaşı qayıdıb və maşınların təkərləri bir-birinə toxunub. 14-cü dövrədə restart elan olunub və Həmilton liderliyini qoruyub, bu zaman ilk onluq: Həmilton – Rikkardo – Bottas – Sayns – Hülkenberq – Peres – Palmer – Stroll – Vandorn – Massa.

15-ci dövrədə Qrojan Massanı üstələyərək ilk onluğa daxil olub, peletonun sonunda isə Eriksson komanda yoldaşını qabaqlayıb. Maqnussen və Massa çox aqressiv mübarizə aparıblar, Okon da bu mübarizədən yararlanıb – hər iki sürücüyə uduzan Massa boksa yollanmalı olub. Stroll əylənmədə səhvə yol verib və Vandornu irəli buraxıb.

25-ci dövrədə Maqnussen və Massa trayekoriyadan kənar hissənin nəm olmasına baxmayaraq, UltraSoft tərkibinə keçiblər, bu dövrənin sonunda ilk onluq: Həmilton – Rikkardo – Bottas – Sayns – Hülkenberq – Peres – Palmer – Vandorn – Stroll – Qrojan.

27-ci dövrədə Sayns, növbəti dövrədə Vandorn, Qrojan, Okon da sliklərə keçiblər. 29-cu dövrədə Rikkardo, Bottas, Hülkenberq və Peres də mexaniklərinə baş çəkiblər. 30-cu dövrədə isə Həmilton və Palmer də yeni təkər dəsti alıblar. Pitdən sonra Həmilton liderliyini saxlayıb. 30-cu dövrənin sonunda ilk onluq: Həmilton – Rikkardo – Bottas – Hülkenberq – Sayns – Peres – Palmer – Vandorn – Stroll – Maqnussen.

34-cü dövrədə Qrojan və Okon Maqnusseni qabaqlayıblar. 38-ci dövrədə isə baryerlərlə təmasdan sonra asılqanı qırılmış Eriksson trasın ən dar hissəsində trası kəsib. Bernd Maylander yenidən trasa çıxıb. Qəzadan dərhal sonra ilk onluq: Həmilton – Rikkardo – Bottas – Hülkenberq – Sayns – Peres – Palmer – Vandorn – Stroll – Qrojan.

Hülkenberq boksa yollanıb, mexaniklər mühərriyin pnevmatika sisteminə hava vurduqdan sonra Niko trasa 10-cu yerdə qayıdıb. Okon, Maqnussen və Verlyayn təkərlərini dəyişiblər.

41-ci dövrədə növbəti dəfə restart elan olunub, Həmilton liderliyini qoruyub və yenə də Rikkardodan uzalaşmağa başlayıb. Arxada Massa Maqnusseni üstələyib. 43-cü dövrənin sonunda ilk onluq: Həmilton – Rikkardo – Bottas – Sayns – Peres – Palmer – Vandorn – Stroll – Qrojan – Hülkenberq.

49-cu dövrədə Hülkenberqin maşınında yağ sızıntısı üzə çıxıb və almaniyalı sürücü boksda mübarizəni dayandırıb. 51-ci dövrədə isə MGU-K problemi üzündən Maqnussen boksda dayanmalı olub. Yarışda 61 dövrə nəzərdə tutulsa da, 58-ci dövrədən sonra ikisaatlıq limit bitdiyi üçün damalı bayraq göstərilib.

Lyuis Həmilton mövsümdə 7-ci, karyerasında isə 60-cı qələbəsini qazanıb. İki həftə əvvəl Montsada çempionatın zirvəsinə yüksələn britaniyalı sürücü Fettel üzərində üstünlüyünü 28 xala çatdırıb. Podiumun digər pillələrinə Daniel Rikkardo və Valtteri Bottas qalxıblar. Sayns, Palmer və Vandorn karyeralarında ən yüksək nəticəyə imza atıblar.

İki həftədən sonra mübarizə isti Malayziyada davam edəcək!

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 2:03:23.544 4
2 3 Daniel Rikkardo Red Bull + 0:04.507 5
3 77 Valtteri Bottas Mercedes AMG + 0:08.800 4
4 55 Karlos Sayns Toro Rosso + 0:22.822 4
5 11 Serxio Peres Force İndia + 0:25.359 5
6 30 Colion Palmer Renault + 0:27.259 5
7 2 Stoffel Vandorn McLaren + 0:30.388 5
8 18 Ləns Sroll Williams + 0:41.696 4
9 8 Roman Qrojan Haas + 0:43.282 4
10 31 Esteban Okon Force İndia + 0:44.795 6
11 19 Felie Massa Williams + 0:46.536 6
12 94 Paskal Verlyayn Sauber + 2 dövrə 6

 

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes AMG) – 1:45.008 (55-ci dövrə, 173.643 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Kevin Maqnussen Haas 51 MGU-K
Niko Hülkenberq Renault 49 yağ sızıntısı
Markus Eriksson Sauber 36 qəza
Daniil Kvyat Toro Rosso 11 qəza
Fernando Alonso McLaren 9 mexaniki problemlər
Sebastyan Fettel Ferrari 1 qəza
Maks Ferstappen Red Bull 1 qəza
Kimi Rəykkönen Ferrari 1 qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas F1 Team 263
2 5 Sebastyan Fettel Scuderia Ferrari 235
3 77 Valtteri Bottas Mercedes AMG Petronas F1 Team 212
4 3 Daniel Rikkardo Red Bull Racing 162
5 7 Kimi Rəykkönen Scuderia Ferrari 138
6 33 Maks Ferstappen Red Bull Racing 68
7 11 Serxio Peres Sahara Force İndia F1 Team 68
8 31 Esteban Okon Sahara Force İndia F1 Team 56
9 55 Karlos Sayns Scuderia Toro Rosso 48
10 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 34
11 19 Felipe Massa Williams Martini Racing 31
12 18 Ləns Stroll Williams Martini Racing 28
13 8 Roman Qrojan Haas F1 Team 26
14 20 Kevin Maqnussen Haas F1 Team 11
15 14 Fernando Alonso McLaren Honda Formula 1 Team 10
16 30 Colion Palmer Renault Sport Formula 1 Team 8
17 2 Stoffel Vandorn McLaren Honda Formula 1 Team 7
18 94 Paskal Verlyayn Sauber F1 Team 5
19 26 Daniil Kvyat Scuderia Toro Rosso 4

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 475
2 Scuderia Ferrari Ferrari 373
3 Red Bull Racing TAG Heuer 230
4 Sahara Force İndia F1 Team Mercedes 124
5 Williams Martini Racing Mercedes 59
6 Scuderia Toro Rosso Renault 52
7 Renault Sport Formula 1 Team Renault 42
8 Haas F1 Team Ferrari 37
9 McLaren Honda Formula 1 Team Honda 17
10 Sauber F1 Team Ferrari 5
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*