F-1.az xəbər verir ki, bu dəfə qalibin müəyyənləşdirilməsi qaydasında dəyişiklik edilib. İndiyə qədər səsvermə yarış başa çatdıqdan sonra başlayırdı və nəticələr növbəti gün açıqlanırdı. Bu dəfə isə səsvermə yarış vaxtı keçirilib və nəticə yarışdan dərhal sonra açıqlanıb. Yarışa 22-ci yerdən başlayan və yekunda 5-ci olaraq komandasına və özünə 10 xal qazandıran Ferrari-nin sürücüsü Sebastyan Fettel “Günün Sürücüsü” seçilib.
Qeyd edək ki, Sebastyan bu ada ilk dəfədir ki, layiq görülür. Ən çox – 4 dəfə Maks Ferstappen “Günün sürücüsü” seçilib. Bu 4 yarışın hamısı İspaniya Qran Prisindən – yəni Maksın Red Bull-a keçməsindən sonraya təsadüf edir. O, yeni komandası ilə ilk yarışı olan və qalib gəldiyi İspaniyada, daha sonra isə Kanada, Avstriya və Britaniya Qran Prilərində bu ada layiq görülüb.
Red Bull sürücüsündən əlavə, Avstraliya və Bəhreyn yarışlarında Roman Qrojan, Çin Qran Prisində Daniil Kvyat, Rusiyada Kevin Maqnussen, Monakoda və Bakıda keçirilən Avropa Qran Prisində Serxio Peres, Macarıstan Qran Prisində Kimi Rəykkönen, Almaniya Qran Prisində Daniel Rikkardo, Belçika Qran Prisində Lyuis Həmilton, İtaliya Qran Prisində isə Niko Rosberq “Günün sürücüsü” seçilmişdilər.
Xatırladaq ki, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.