F-1.az xatırladır ki, ardıcıl 2 həftə Silverstounda baş tutacaq yarışlardan sonra Formula1-ə Barselona ev sahibliyi etməlidir. Lakin son günlərdə Kataloniyada koronavirusa yoluxanların sayında artım müşahidə edilir ki, bu da yarışı üçün yaxşı xəbər deyil. Şayiələrə görə, Formula1 rəhbərliyi İspaniya Qran Prisini ləğv etməyi, Silverstounda ardıcıl 3 yarış keçirməyi planlaşdırır və bu, gələn həftənin əvvəli rəsmən elan ediləcək.
Hokkenhaym da təqvimdə Barselonanı əvəzləməyə namizəddir, lakin FOM-un orada teleyayım üçün lazımi infrastrukturu qurmağa kifayət qədər vaxtı qalmadığından, bu variantın reallaşmayacağı güman edilir.
Daha bir maraqlı xəbər isə bu gün uzaq şərqdən gəlib. Daha bir ölkənin yenidən Formula1-i təşkil etməkdə, builki təqvimdə yer almaqda maraqlı olduğu bildirilib. Çin Qran Prisinin rəhbərliyi böyük ehtimalla builki yarışdan imtina etdiyini gələn həftə açıqlayacaq və Malayziyanın əfsanəvi Sepanq trasının rəhbərliyi Şanxayı əvəzləməyə namizəddir.