F-1.az bildirir ki, ilk Formula1 yarışının keçirildiyi tarixi Silverstoun trası hazırda xüsusi şərtlər altında 2 yarış qəbul edəcəyi üçün Liberty Media-dan böyük miqdarda pul almaq istəyən Britaniya Sürücülər Klubuna (BRDC) məxsusdur. BBC Sportun məlumatına görə, tərəflərin maliyyə maraqları kəskin fərqlənsə də, davam edən danışıqlar zamanı ortaq məxrəcə gələ biliblər. Eyni zamanda, Krallığın xaricdən gələnlərin 2 həftə ərzində xüsusi karantin şəraitində qalmalarını tələb etməyi planlaşdırması əlavə problemlər yaradır.
Stüart Prinql, Silverstoun trasının icraçı direktoru: “Silverstoun və Formula1-in bu yay tamaşaçısız iki yarış keçirmək üçün prinsipcə razılığa gəldiyini bildirməkdən məmnunam. Lakin bu, hələ hökumət tərəfindən təsdiq edilməyib. Bizim üçün əsas olan Kovid-19 ilə bağlı vacib olan bütün addımları ataraq hər kəsin təhlükəsizliyini təmin etməkdir”.
Sky Sports-un məlumatına görə, Silverstoundakı yarışlar 26 iyul və 2 avqust tarixlərinə planlaşdırılır. Deməli, əvvəlcədən deyildiyi kimi, Avstriyadakı yarışlardan dərhal sonra yox, iki həftəlik fasilə verilərək keçiriləcəcək. Müqavilə hələ imzalanmasa da, yaxın zamanlarda reallaşması gözlənilir.
Formula1-dən isə deyilib ki, 2020-ci ilin təqviminin formalaşdırılması üçün Silverstounla yanaşı, digər yarışların promouterləri ilə də danışıqlar davam etdirilir.