Silverstoun, 12.07.2016

Bu ilin reqlamentinə görə, komandalara mövsümün gedişində 2 dəfə ikigünlük - ümumilikdə isə 4 gün test etmək imkanı verilir. Mövsümiçi ilk testlər İspaniya Qran Prisindən dərhal sonra Barselonada keçirilmişdi. İkinci və son testlər isə bu gün Silverstounda start götürüb.

F-1.az xəbər verir ki, Britaniya Qran Prisindən iki gün sonra on komandanın maşını Silverstounda yenidən bokslarını tərk edərək trasa çıxıb. Sauber maddi çətinliklərə görə testlərdə iştirak etməkdən imtina edib, lakin buna baxmayaraq, trasda 11 maşın olub – Pirelli-nin növbəti il üçün olan təkərlərinin test edilməsi məqsədi ilə Mercedes AMG-nin 2014-cü ildə istifadə etdiyi və bu testlərdə “0” rəqəmi ilə nömrələnmiş W05-in sükanı arxasına Paskal Verlyayn əyləşib.

Testlərin ilk günündə yalnız 3 komandanı – McLaren, Toro Rosso və Manor-u əsas pilotları təmsil edib. Reqlamentə görə, hər bir komanda ümumilikdə 4 gün olan mövsümiçi testlərin ən azı 2 günündə Formula1-də karyerası boyu ikidən çox yarışa çıxmamış gənc sürücülərin köməyindən istifadə etməlidir. İki sürücü – Nikita Mazepin və Santino Ferruççi ilk dəfə Formula1 bolidini idarə ediblər.

Renault Silverstouna yenilənmiş arxa asılqanını gətirib – yenilik arxa təkərlərin asfaltla ilişməsini artırmalıdır. Komanda diqqətini sürətli dövrələrə yox, yeniliklərin necə işləməsini qiymətləndirməyə ayırıb.

Red Bull səhər saatlarında ilk dəfə sürücülərin başını qoruyan Halo sisteminin 2-ci versiyasını maşınına yerləşdirib. Bu sistemi Ferrari keçən həftə sınaqdan keçirmişdi. Pyer Qasli Halo sistemi yerləşdirilmiş maşınla trasa çıxıb. Pyer RB12-də yaranmış elektronik problemlərin həll edilməsi üçün uzun müddət boksda qalmalı olub.

Testlərin ilk gününün səhər seansı quru havada keçsə də, nahar fasiləsindən sonra yağış yağıb. Pirelli günün 2-ci hissəsində testlərdə iştirak edə bilməyib. Çünki təkər tədarükçüsü Silverstouna gələn il üçün nəzərdə tutulan təkərlərdən yalnız slikləri gətirib. Maraqlıdır ki, pis hava şəraitinə baxmayaraq, trasın əsas tribunasındakı tamaşaçılar evə getməyiblər və testləri izləməyə davam ediblər. Yağışın uzun müddət yağması trasda gölməçələrin əmələ gəlməsinə səbəb olub və komandalar test proqramlarını buna uyğun nizamlamalı olublar. Təcrübəli Fernando Alonso və Karlos Sayns yağış təkərləri ilə trasa çıxıblar. Bir qədər sonra yağışın dayanması ilə sürücülər yaşıl təkərlərə keçiblər. Lakin axşam saatlarında yağış yenidən başlayıb.

Testlər yalnız bir dəfə qırmızı bayraqla dayandırılıb. Lakin bu, hər hansı texniki səbəbə görə yox, işıqlandırma sistemi və reklam lövhəsinin trasa düşməsinə görə baş verib.

Protokollara səhər saatlarında SuperSoft təkərlərlə vurduğu sürətli dövrə ilə Fernando Alonso başçılıq edib. Qeyd edək ki, onun bu nəticəsi keçən həftəsonu Britaniya Qran Prisinin sıralanma turunda göstərdiyi nəticədən daha yaxşı olub. Mercedes AMG mövsümöncəsi testlərdə olduğu kimi, yenə də ən çox məsafə qət edən komanda olub. Esteban Okon 123 dövrə vurub. Okonu 105 dövrə ilə izləyən Fernando Alonso da öz növbəsində nahardan sonra ən çox işləyən sürücü olub. O, yağışlı havada 61 dövrəni tamamlayıb.

Testlər sabah davam edəcək. Komandaların əksəriyyətində sürücülər dəyişəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 14 Fernando Alonso McLaren 1:31.290 105 SuperSoft
2 24 Esteban Okon Mercedes AMG 1:32.833 + 0:01.543 123 Medium
3 41 Aleks Linn Williams 1:34.433 + 0:03.143 54 Medium
4 32 Şarl Lekler Ferrari 1:34.446 + 0:03.156 19 Medium
5 34 Nikita Mazepin Force İndia 1:34.521 + 0:03.231 35 Soft
6 55 Karlos Sayns Toro Rosso 1:34.643 + 0:03.353 91 Medium
7 51 Santino Ferruççi Haas 1:34.866 + 0:03.576 55 Medium
8 0 Paskal Verlyayn Pirelli 1:34.982 + 0:03.692 48 Prototip
9 88 Rio Haryanto Manor 1:35.631 + 0:04.341 64 Soft
10 46 Sergey Sirotkin Renault 1:36.575 + 0:05.285 48 Hard
11 15 Pyer Qasli Red Bull 143.891 + 0:12.601 52 Medium

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*