Avropa mətbuatı bu gün çox maraqlı iki epizod barədə yazıb – Sebastyan Fettel və Kimi Rəykkönen keçən cümə günü İstanbulda FİA-nın mükafatlandırma mərasiminə düşməyə bilərlərmiş.
DPA agentliyinin verdiyi məlumata görə, üçqat dünya çempionu Türkiyəyə özünün şəxsi təyyarəsində gəlib, amma İstanbul aeroportunda məlum olub ki, pasportunu özü ilə götürməyi unudub. Təəccüblü deyil ki, sərhədçilər onu ölkəyə buraxmaqdan imtina ediblər, ona görə də Fettel aeroportda bir saat ləngiməli olub. Türkiyə Avtoİdman Federasiyasının müdaxiləsindən sonra Fettelə müvəqqəti bir sənəd verilib və yalnız bundan sonra almaniyalı sürücü ölkəyə girə bilib.
Çempionatın üçüncü mükafatçısı Kimi Rəykkönen gizlətmirdi ki, İstanbula uçmaq istəmir, amma mərasimə gəlməli olub. Kimi ciddi tünd kostyum və qara köynəkdə olub – dres-kodun tələblərini pozaraq ağ köynək geyinməyib və qalstuk taxmayıb. Deyilənlərə görə, onun bu hərəkəti təşkilatçıların narazılığına səbəb olub.
Tədbirin sonunda çəkilmiş kollektiv şəkli rəsmi Twitter bloqunda yerləşdirən Lotus komandasının mətbuat xidməti Kiminin sözlərini şərhə yazıb: “Mən qaydalara əməl etmirəm, mən sadəcə qaydaları tərtib edirəm…”