Yeni maşınların arxa antiqanadındakı hərəkətli elementi yarışlarda yalnız FİA-nın trasda müəyyən etdiyi zonada qarşıdakı maşından bir saniyə geri qaldıqda aktivləşdirmək mümkün olacaq. Barselonada sürücülərin FİA-nın yarış direktoru Çarli Uaytinqlə görüşündə mövsümün ilk üç yarışında FİA-nın müəyyən etdiyi ötmə zonaları sürücülərə göstərilib.
Əvvəlcədən planlaşdırılırdı ki, nəzarət zonası ötmə zonasından bilavasitə qarşıdakı döngədə olacaq, doğrudan da Malayziya və Çində vəziyyət belədir, amma Melburnda vəziyyət fərqlidir. Avstraliyada ötmə zonası qısa start düzlüyündədir, ona görə də sürücülər artıq sonuncu döngədən çıxdıqda arxa antiqanadın hücum bucağını dəyişə biləcəklər – nəzarət zonası isə start düzlüyündən üç döngə əvvəldədir. Sebastyan Fettel bu seçimdən narazı qalıb…
Sebastyan Fettel: “Təsəvvür edin ki, nəzarət zonasında mən rəqibimə 1.2 saniyə uduzacam, sonrakı üç döngədə isə ona hətta 0.1 saniyə belə yaxınlaşsam, bu sistemi aktivləşdirə bilməyəcəm. Bunu necə izah etmək olar?”
Malayziyada nəzarət zonası sonuncu döngədə, ötmə zonası isə uzun start düzlüyündədir, Çində isə nəzarət zonası 13-cü döngəyə girişdə, ötmə zonası isə 13-cü və 14-cü döngələr arasındakı düz yoldadır.