Serxio Peres 26 yaşını qeyd edib

Bəzən yarışın gedişində xal zonasına düşəcəyi sual altındaykən gözlənilmədən hətta podiuma qədər yüksələrək hər kəsi şoka salmağı bacaran bu çılğın oğlan artıq 26 yaşındadır.

Serxio Peres Mendosa 26 yanvar 1990-cı ildə Meksikanın Halisko ştatının Qvadalahara şəhərində, Antonio Peres Qanibay və Marilu Peresin ailəsində anadan olub. Ailənin sonbeşiyi olan Serxionun böyük qardaşı Antonio Peres NASCAR Mexico Series-də mübarizə aparır.

Sürücülük karyerasına 1996-cı ildə 6 yaşında başlayır. Müxtəlif yaş kateqoriyalarında mübarizə aparan Peres kartinqdə 2004-cü ilə qədər bir sıra uğurlar əldə edir.

Bir il sonra – 2005-ci ildə Team Rosberg-in tərkibində German Formula BMW ADAC seriyasında mübarizə aparır və mövsümün sonunda 6-cı olur.

2006-2007-ci il mövsümündə A1 Grand Prix yarışlarına A1 Team Mexico-nun tərkibində qatılır. Sadəcə Şanxayda keçirilən yarışa çıxan Peres yarışı 15-ci yerdə başa vurur.

2007-ci ildə British Formula3-də T-Sport komandasında mübarizə aparan Peres ili çempion kimi başa vurur.

Campos Grand Prix komandasının tərkibində GP2 Asia Series-də 2008-2009-cu illər mövsümündə yarışlara çıxır. Yekunda komanda yoldaşı Vitali Petrovdan sadəcə 2 xal geri qalır və 7-ci olur.

Telmex Arden International komandası ilə 2009-cu ildə GP2-də mübarizə aparan Peresin ən yaxşı nəticəsi İspaniyadakı 2-cilik olur. Mövsümü 22 xalla 12-ci yerdə başa vurur. Bir il sonra İspaniyanın Barwa Addax  komandasına keçir. Mövsüm ərzində 5 qələbə qazanır və 71 xalla Pastor Maldonadodan sonra 2-ci yeri tutur.

Formula1 karyerası

Meksikalı gəncin Formula1-ə gəlişi 2011-ci ilə təsadüf edir. Telmex-in sponsorluğu ilə Sauber komandasına qoşulan Serxionun debütü uğurlu alınmır. Komanda texniki qaydaları pozduğuna görə mövsümün ilk yarışı olan Avstraliya Qran Prisində iştirakdan məhrum edilir. Mövsüm ərzindəki ən yaxşı nəticəsi Silverstoundakı 7-cilik olur və yekunda 14 xalla 16-cı yeri tutur.

Növbəti il meksikalının çıxışı demək olar ki, uğurlu alınır. Malayziyada keçirilən mövsümün 2-ci yarışında qələbə uğrunda Ferando Alonso ilə mübarizə aparır. Son turlarda yol verdiyi səhv olmasaydı, bəlkə də karyerasının hələ ki, yeganə olacaq qələbəsini qazanacaqdı. Malayziyada 2-ci yeri tutan pilot bu uğurunu İtaliya Qran Prisində də təkrarlayır. Kanadada da 3-cü yeri tutur və mövsümü 3 dəfə podiuma yüksələrək 66 xalla 10-cu yerdə tamamlayır.

Lyuis Həmiltonun Mercedes-ə keçidi Peresin McLaren-ə gedən yolunu açır. Amma McLaren artıq geriləməkdə idi. Mövsümdə 5-cilikdən yaxşı nəticə göstərə bilməyən Peres 49 xal toplayır və yekunda 11-ci olur.

Bir il sonra turbo mühərriklərin dövrü başlayır. O, ən güclü mühərrik olan Mercedes mühərrikləri ilə təchiz olunmuş Force İndia-ya keçir. Bəhreyndə karyerasının 4-cü podiumunu qazanır. İli 59 xalla 10-cu yerdə başa vurur.

Geridə qoyduğumuz mövsümdə yenə Force İndia-da çıxış edən Serxio ən yaxşı nəticəsini Rusiyada göstərir. O, bu yarışda 3-cü olur. Başqa heç bir yarışda bu uğurunu təkrarlaya bilmir və 78 xalla 9-cu olur.

Peresin sürücü nömrəsi 11-dir.

O, 2 ay sonra başlayacaq mövsümdə Force İndia-nın tərkibindəki 3-cü, Formula1-dəki 6-cı ilini keçirəcək.

F-1.az saytı olaraq, karyerasının davamında ona uğurlar arzulayırıq.

, , , , , , , , , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*