Bu gün bütün dünyanın avtoidman həvəskarları Ayrton Sennanı yad edirlər: dahi braziliyalı sürücünün bu gün 54 yaşı tamam olur. Bu il üçqat dünya çempionunun faciəli ölümünün 20 yaşı tamam olur, bu münasibətlə bir çox ölkələrdə xüsusi tədbirlər planlaşdırılıb.
Biz artıq xəbər vermişdik ki, İmolada Entso və Dino Ferrari adına avtodromda Ayrton Senna Tribute 1994-2014 adlı xüsusi proqram keçiriləcək. Mayın 1-də proqram çərçivəsində böyük sərgi açılacaq və bu sərgidə Sennaya 1988-ci ildə ilk titulu qazandıran McLaren MP4/4 nümayiş olunacaq. Tədbirə rəsmi dəstəyi Ayrton Senna İnstitutu göstərəcək.
Google şirkəti də kənarda qalmayıb: Sennanın ad günündə dünyanın ən nəhəng axtarış sisteminin ana səhifəsində sürücüyə həsr olunmuş loqotip yer alıb. Ayrton hələ də Formula1 tarixinin ən güclü sürücüsü sayılır…