Şənbə günü Barselonada sprinti O’Sallivan qazanıb

Şənbə günü Barselonada gənc sürücülərin Formula 3 çempionatında 4-cü mərhələnin sprint (qısa) yarışı baş tutub. 

F-1.az xəbər verir ki, pouldan start alan Zak O Sallivan ilk döngəyə qədər mövqeyini qoruya bilib. Elə onun arxasında start alanlar da – Lyuk Brauninq və Leonardo Fornaroli nə qədər çalışsalar da yerdəyişmə olmayıb. Yalnız Pol Aron 5-ci yer uğrunda mübarizədə Mari Boyanı qabaqlayıb.

Maraqlıdır ki, ilk dövrənin sonuna qədər Boya daha iki yer itirib – Sebastyan Montoya və Qabriel Bortoleto onu keçiblər. 9-cu döngədə trasdan çıxaraq baryerlərə çırpılan İdo Kohen isə Təhlükəsizlik Maşınının trasa çıxmasına səbəb olub.

Restartda ilk 7 yerdə vəziyyət dəyişməyib – Boya isə daha bir yer itirib, bu dəfə onu Franko Kolapinto keçib. 18-ci yerdən start almış mövsümün favoritlərindən biri Qabriele Mini bu arada 12-ci yerə yüksəlib. Öndə isə Zak Lyukun bir neçə hücumunun qarşısını sərt almalı olub.

12-ci dövrədə Mini Martinin səhvindən yararlanaraq daha bir yer qazanıb. Növbəti dövrədə isə son döngənin çıxışında Qrequar Sosi səhvə yol verib və start düzlüyündə Aron onu keçib. İlk döngədə əks-hücum zamanı Sosi daha bir səhvə yol verib, bu dəfə onu Montoya və Bortoleto keçiblər.

Növbəti dövrədə isə Montoyanın Arona hücumu təmasla nəticələnib və kolumbiyalı sürücünün maşınında təkər deşilib. Növbəti dəfə Sebastyan çılğınlığını cilovlaya bilməyib və uğurlu başlanğıcdan sonra daha bir yarışda xalsız qalıb.

Trasa çoxlu çınqıl daşındığı üçün Tm yenə trasa qayıdıb və finişə 3 dövrə qalmış yarışa restart verilib. Bu zaman məlum olub ki, Mini hakimlər tərəfindən cərimə olunub – Mənsellə hücum zamanı aqressiv davaranışa görə Hitech komandasının sürücüsünə +10 saniyə cərimə verilib.

Zak O Sallivan isə yarışı inamlı qələbə ilə başa vurub. Podiumu Lyuk Brauninq və Leonardo Fornaroli tamamlayıblar. Dördüncü olmuş Bortoleto əsas rəqiblərin uğursuzluğu fonunda çempionatda liderliyini daha da möhkəmlədib.

Sabah əsas yarışla həftəsonuna yekun vurulacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*