Sebrinq proloqunu Toyota sürücüləri ilk cərgədə başa vurublar

Toyota Sebrinqdə başa çatan Dünya Dözümlülük Çempionatının Proloqunu dörd sessiyadan sonra iki GR010 Hibrid maşını ilə ilk cərgədə bitirib.

F-1.az xəbər verir ki, proloq çempionatın mövsümöncəsi testləri sayılır və iki gün hər birində 2 üçsaatlıq sessiya ilə baş tutub. Proloqda komandalar gələn həftə elə Sebrinqdə start alacaq mövsümə hazırlığı yekunlaşdırırlar.

Əlbəttə, ən böyük maraq HyperCar sinfinə olub, xüsusən də çempionata qayıdan və ya debüt edən komandalar diqqətlə izləniliblər.

Toyota komandası gözlənildiyi kimi, hamıdan sürətli olduğunu elə ilk sessiyada göstərib. Xose Mariya Lopesin #7 maşının sükanı arxasında göstərdiyi 1:48.208 nəticə sona qədər ən yaxşı qaldı. Toyota-nın #8 maşının sükanı arxasında Brendon Hartlinin son sessiyada göstərdiyi nəticə (1:48.216) ikinci olub. Beləliklə, yaponlar proloqu ilk cərgədə başa vurublar və qarşıdakı mövsümdə növbəti qələbəyə inamla iddialı olduqlarını göstəriblər.

Maraqlıdır ki, ilk üçlüyü Cadillac üçün Örl Bamber qazanıb – yenizelandiyalı sürücü şənbə günü nahardan sonra göstərdiyi nəticə ilə (1:48.429) həm protokollara başçılıq edib, həm də yaponlara ən yaxın olub.

Növbəti yerlərdə qərarlaşan ekipajlar liderdən xeyli geri qalıblar. Belə ki, proloqun 4-cü nəticəsinə (1:48.957) Porsche komandasından Maykl Kristensen imza atıb. Porsche-nin digər maşınını idarə edən Kevin Estre proloqun ən yaxşı 5-ci nəticəsini göstərə bilib, amma öz komanda yoldaşına belə xeyli uduzub – 1:49.285.

Tiffozilərin böyük ümidlər bəslədikləri yeni Ferrari 499P, deyəsən, sürətli alınmayıb, ya da hələ sürücülər yeni maşınının potensialını aça bilməyiblər. İstənilən halda, Niklas Nilsenin göstərdiyi 1:49.300 nəticə protokollarda yalnız 6-cı olmağa imkan verib.

İsveçrəli Niko Müller isə Ferrari-yə cəmi 0.002 saniyə uduzaraq Peugeot-ya yeddincilik qazandırıb – 1:49.302. Mikkel Yensen digər Peugeot-nun sükanı arxasında ilk səkkizliyi tamamlayıb – 1:49.568.

Antonio Covinazzi şənbə günü göstərdiyi 1:49.573 nəticə ilə ikinci Ferrari maşınına 9-cu yeri qazanıb – italyanlar bazar günü səhər Ceyms Kaladonun qəzasından sonra trasda işləməyiblər.

Yerdə qalan son iki yer uğrunda qaraj komandaları mübarizə aparıblar. Tom Dillmann bu mübarizədə Vanwall (1:m50.038) üçün Glickenhaus (Rayan Brisko, 1:51.173) üzərində inamlı qələbə qazanıb.

Bir daha xatırladaq ki, qarşıdakı həftəsonu WEC mövsümü Sebrinqin 1000 mili yarışı ilə start alacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*