Ferrari Formula1 komandaları içində 2011-ci ilin maşınını təqdim edən ilk komanda olub – bu gün Maranelloda F150-nin rəsmi təqdimatı keçirilib. Şassinin bu indeksi İtaliyanın birləşməsinin 150 liik yubileyi şərəfinədir. Rəsmi mərasimdə Skuderiyanın nümayəndələri məqsədlərini konkret söyləyiblər – dünya çempionatında hər iki titulu qazanmaq…
Luka di Montedzemolo: “Bu il biz qələbə çalmalıyıq və titulu qazanmaq üçün əlimizdən gələni edəcəyik. Biz komandanın strukturunu gücləndirmişik, yaxşılaşdırmışıq və indi gözləyirik ki, rəqiblərimiz nə göstərəcəklər.”
Skuderiyada baş verən dəişikliklər barədə ətraflı komandanın başçısı Stefano Domenikali danışıb…
Stefano Domenikali: “Əsas dəyişikliklər trasda işləyən mühəndislər kollektivinə aiddir. Pət Fray texniki direktorun müavini təyin olunub, o, Alonso və Massanın yarış mühəndislərinin – Andrea Stella və Rob Smedlinin işlərini koordinasiya edəcək, texniki direktor Aldo Kosta isə texniki aspektlərin həlli ilə məşğul olacaq. Biz yarışın strategiyasının işlənməsi metodunu da dəyişmişik və Nil Martini bu işə dəvət etmişik.
Bizim sürücülər qələbəyə kökləniblər. Biz ilin əvvəlində Madonna di Kampilyoda Wrooom tədbirində dincəlmişik, mən bilirəm ki, onlar qarşıdakı mövsümün vacibliyini başa düşürlər. Bütün böyük komandalar güclü olacaqlar – Red Bull, Mercedes GP, McLaren – digər komandalardan da sürpriz gözləyirik. Unutmaq olmaz ki, starta beş dünya çempionu çıxacaq – bizi çox maraqlı mövsüm gözləyir.”
Yeni maşın barədə onun qurucuları – texniki direktor Aldo Kosta, motor şöbəsinin başçısı Luka Marmorini və baş konstruktor Nikolas Tombasis danışıblar…
Aldo Kosta: “Əsas aşkar dəyişikliklər aerodinamika ilə bağlıdır. Artıq ikiqat diffuzor və F-hava kanalı yoxdur, sürücü maşının aerodinamik balansına təsir edə bilmir, maşının altlığının ön hissəsində heç bir dəlik olmayacaq. Bu əsaslı dəyişikliklərdir.
Reqlament arxa antiqanadın hərəkətli elementindən istifadəyə icazə verir, bununla yarış zamanı ötmələr asanlaşmalıdır, sıralanma turunda isə sürücü bu elementdən istədiyi kimi yararlana bilər. KERS sistemi geri qayıdıb, biz onun ölçülərini azalda bildik, amma yenə də sistem çox böyükdür, ona görə də texniki mütəxəssislər elementlərin yerləşməsini yeniləyiblər.
Bundan başqa, təhlükəsizlik tələbləri də dəyişib – biz federasiya ilə bu sahədə əməkdaşlıq edirik və bu çox vacibdir.”
Luka Marmorini: “Motor reqlamenti əvvəlki kimi dondurulub, ona görə də motorda ciddi dəyişiklik etmək mümkün deyil. Amma biz bir aspektlər üzərində ciddi işləmişik – məsələn, etibarlılığın artırılması və maya dəyərinin aşağı salınması. Keçən il bizim motorun pnevmatik problemləri var idi, biz bu problemləri aradan qaldırmışıq.
Bundan başqa, bu il Formula1-ə KERS qayıdır, ona görə də motorun ön hissəsi dəyişib. İndi biz KERS-i motorla iki il əvvəl olduğu kimi birləşdirməmişik, yeni dirsəkli val qurmuşuq, motorun soyutma və yağlanma sistemlərini də təkmilləşdirmişik.”
Nikolas Tombasis: “Bu layihədə bir neçə ciddi texniki yenilik var, axı reqlamentdə az da olsa, keçən illə müqayisədə fərqlər var. Biz KERS-i qaytarmışıq – iki il əvvəl komanda bu sistemlə iş zamanı qiymətli təcrübə toplayıb, amma bu dəfə maşın dəyişib, müvafiq olaraq KERS-in də konstruksiyası dəyişib.
Daha bir yenilik arxa antiqanadın idarəolunan hərəkətli elementidir, düz yolda sistem aktivləşərək sürətdə böyük üstünlük verir, amma adi konfiqurasiyada effektliyin itməməsinə çalışmaq lazım idi.
Daha bir yenilik isə yeni təkərlərə keçiddir. Yeni təkərlər həmişə maşının konstruksiyasında, aerodinamikasında və çəki paylanmasında dəyişklik tələb edir. Pirelli təkərləri ilə hər birimizi ciddi iş gözləyir. Aerodinamikada da ciddi dəyişikliklər var – bu il biz ikiqat diffuzordan istifadə etməyəcəyik, ona görə də asfalta yatma qüvvəsində itkini kompensə etməliyik.”
Fernando Alonso bildirib ki, komanda çempionatda titul uğrunda mübarizəyə hazırdır…
Fernando Alonso: “Mən əvvəlki kimi qələbəyə köklənmişəm, keçən il mənim Ferrari-də ilk mövsümüm idi – hər şey maraqlı oldu, Ferrari gözəl komandadır, burada qeyri-adi atmosfer hökm sürür…
Bu il bizim qarşımızda vacib məsələlər durur, biz yeni çağırışı qəbul edirik, çünki texniki reqlament dəyişib və sürücülər sürmə stillərini də dəyişməli olacaqlar, çünki Formula1-ə KERS qayıdır. Mövsüm çətin olacaq, biz hələ çox şey öyrənməliyik.
Yeni maşın bizim mexaniklərin, mühəndislərin, ümumiyyətlə, Ferrari-nin bütün əməkdaşlarının bir neçə aylıq gərgin zəhmətlərinin nəticəsidir. İndi isə yeni mövsümə yaxşı hazırlşmaq vacibdir. Mən özümü tam işə həsr etmişəm.
Mən artlq kollektivı öyrəşmişəm, bu il mənə daha asan olacaq. Mexanikləri adları ilə tanıyıram, onlarla münasibətim yaxşıdır. Ümid edirəm ki, F150 yalnız gözəl deyil, həm də çox sürətlidir.
Ferrari-də çıxış edərkən daim pressinq hiss edirsən. Keçən il çətin oldu, ona görə də yeni mövsümün startını səbirsizliklə gözləyirəm. Əminəm ki, elə ilk yarışdan biz rəqabətədavamlı olacayıq.”
Felipe Massa da əmindir ki, titul uğrunda mübarizə apara biləcək…
Felipe Massa: “Mən yeni şassinin hazırlanması prosesini diqqətlə izləyirdim, bu çox vacibdir. Bu mni ruhlandırır və mən yeni mövsümün startını səbirsizliklə gözləyirəm.
Hələ çox şeyi başa düşməliyik, yenilikləri öyrənməliyik, ona görə də mən şadam ki, artıq gələn həftə testlər başlayacaq. Ümid edirəm ki, mövsümün gedişində təkmilləşmə işləri də yüksək templə gedəcək. Düşünürəm ki, bizim maşın elə ilk yarışdan rəqabətədavamlı olacaq.
Mən həmişə deyirdim ki, mənim köhnə təkərlərdən xoşum gəlmirdi, ön təkərlər mənim üçün problem idi. Amma indi çox şey dəyişib, Pirelli mənim xoşuma gəlib – elə ilk testlərdən təəssüratım yaxşıdır. Sürmə stilimi dəyişməyə ehtiyac olmayacaq, maşını idarə etmək isə asan olacaq.”