Scuderia Ferrari Marlboro – F10 (video)

Ferrari-nin Maranelloda təşkil etdiyi 2010-cu il maşınının təqdimat mərasimi çox təmtəraqlı keçib – mərasimdə iştirak edənlər müəyyən bir müddətə iqtisadi […]

Ferrari-nin Maranelloda təşkil etdiyi 2010-cu il maşınının təqdimat mərasimi çox təmtəraqlı keçib – mərasimdə iştirak edənlər müəyyən bir müddətə iqtisadi böhranı, Formula1-in yönəldiyi məsrəflərin azaldılması istiqamətini və digər çətinlikləri unudublar. Amma belə bir mərasimə səbəb var idi: indi Skuderiyada ikiqat dünya çempionu Fernando Alonso çıxış edəcək, yeni maşının hazırlanmasına isə Ferrari mühəndisləri keçən ilin yayından başlamışdılar – hamı ümid edir ki, yeni maşın keçən ilin uğursuzluqlarını unutduracaq.

fer7
Stefano Domenikali: “Bu çempionat bizim üçün çox vacib olacaq. Keçənilki mövsüm müəyyən səbəblər üzündən bizim üçün uğursuz oldu, amma 2010-cu ildə biz rəqabətədavamlı olmalıyıq – Ferrari buna layiqdir…

Bizim iki yeni sürücümüz var – niyə mən “iki yeni” dedim? Fernando Alonso ikiqat dünya çempionudur və biz əminik ki, o üçüncü titulu qazanacaq. O artıq Formula1-in məşhur çempionlarındandır, indi isə həm onun üçün, həm də bizim üçün həlledici andır: o da uğur qazanmaq istəyir, biz də…

Və biz yeni Felipedən danışırıq: belə bir dramatik çempionatdan sonra, Hunqarorinqdə dəhşətli qəzadan sonra, Felipe yeni start almaq və Macarıstanda kəsilmiş yolu davam etdirmək istəyir.

Mən hər iki sürücüyə uğur arzulayıram!”

Nəzəri cəhətdən mərasimi canlı olaraq internetdən də izləmək olardı, düzdür, mərasimə maraq o qədər böyük idi ki, hətta Ferrari-nin mətbuat xidməti də etiraf edib ki, komandanın saytı azarkeşlərin külli axını altında “donub” – ziyarətçilərin sayı 3 milyonu keçibmiş…

fer6
Luka di Montedzemolo: “Bizim maşın qırmızı, sarı və ağ rənglərə boyanıb. Sarı – təkcə Shell-in rəngi deyil, bu, hər şeydən əvvəl Modena şəhərinin rəngidir. Ağ – Santander-in rəngidir. Mən burada olan İspaniya bankının nümayəndələrinə öz təşəkkürümü bildirmək istəyirəm. Biz uğurlu əməkdaşlığa ümid edirik.

Mən hər iki sürücümüzə inanıram. Felipe qəzadan sonra daha güclü olub. Budapeştdə hospitalda ona baş çəkəndən sonra, mən demişdim ki, bundan sonra onun sürəti daha da artacaq. Mən haqlı oldum. Fernando Alonso isə ikiqat dünya çempionudur və 2005-ci və 2006-cı illərdə bizdən üstün olub. Biz şadıq ki, o indi Ferrari-də çıxış edir. Onun karyerasında vacib məqamdır. Biz hər iki sürücüdən çox şey gözləyirik.

Bundan başqa, mənə xoşdur ki, biz Maranelloda istedadlı milli mühəndislər yetişdiririk. Bu, yalnız komanda deyil, bu, həm də ailədir. Stefano Domenikali çox gəncdir, Luka Marmorini bizə qayıdıb və motorlar şöbəsinə başçılıq edir. Nikolas Tombasisi isə mən yarımitaliyalı hesab edirəm! Aldo Kosta – bizim maşınların xaç atasıdır.”

Bundan sonra komandanın əsas sürücüləri Fernando Alonso və Felipe Massa gələcək mübarizədən danışıblar…

fer4
Fernando Alonso: “Mən və Felipenin indi qarşısımızda duran başlıca vəzifə fevral testlərində məsuliyyətlə işləməkdir, bunun sayəsində Skuderiya mövsümün ilk yarışına inamla çıxa bilər. Bizim komandamız qısa müddət ərzində maşın üçün ən yaxşı sazlanmaları seçə bilər. Texniki işçilərin və mexaniklərin işi, aerodinamik borunun nəticələri, asılqanların və motorun xarakteristikaları – bütün bunlar bizim əminliyimizi möhkəmləndirir. Testlərin nəticələri isə daha da gücləndirəcək.

Biz Felipe ilə çalışacayıq ki, qırmızı maşınlar həmişə öndə olsunlar. Biz 100% çalışmaq fikrindəyik. Mənim həmişə güclü komanda yoldaşlarım olub, onlarla heç bir problem olmayıb, onlarla münasibətlərim əla olub və Felipe ilə də eyni olacaq.”

Felipe Massa: “Mən Alonso dedikləri ilə razıyam. Onun özünə gəlincə, mən çoxdan belə bir komanda yoldaşı gözləyirdim. Ferrari-yə yeni sürücü gələndə, ümidlər həmişə yüksək olur və bizim məqsədimiz vahid komanda kimi rəqabətədavamlı olmaqdır. Mənim çox güclü komanda yoldaşım olacaq, amma mən həmişə öz işimi əla yerinə yetirmişəm, çox şey öyrənmişəm və bir neçə dəfə sübut etmişəm ki, istənilən komanda yoldaşımla mübarizə apara və qalib gələ bilərəm.”

Yeni maşın barədə texniki direktor Aldo Kosta, motorlar şöbəsinin başçısı Luka Marmorini və baş konstruktor Nikolas Tombasis danışıblar…

fer5
Aldo Kosta: “F10 Formula1-də Ferrari-nin hazırladığı 56-cı maşındır. Bu komandanın bütün üzvlərinin birgə məhsuludur. Maşın üzərində ilk işlər keçən ilin yazında başlanmışdı, yayda isə bu işlər daha da intensivləşdi. Bu zaman biz əvvəlki şassi ilə iş zamanı toplanmış təcrübədən aktiv istifadə edirdik.

Reqlamentdə dəyişikliklər elə ciddi olmasa da konstruktiv dəyişikliklərə səbəb oldu. İkiqat diffuzorların leqallaşdırılması keçənilki maşının arxa hissəsini ağ vərəqdən başlayaraq dəyişməyə gətirib çıxardı. Bu ildən yanacqdoldurma qadağan olunacaq, ona görə də yanacaq bakı iki dəfə böyüdülüb. Bu ildən maşınlarda KERS də olmayacaq, qabaq təkərlər daha ensiz olacaq, maşının minimal çəkisi artırılıb, təklükəsizlik tələbləri sərtləşdirilib, bəzi materiallar qadağan olunub.

Yeni maşın gələn həftədən başlayan testlərin gedişində təkmilləşə bilər, ona görə də Bəhreyn Qran Prisində o artıq başqa cür görünəcək. Biz F10-u mövsümün gedişində modernizə etməyi nəzərdə tutmuşuq. Biz əminik ki, keçən illə müqayisədə güclü inkişaf etimişik, amma maşının real rəqabətədavamlılığı mövsümün əvvəlində bilinəcək.”

Luka Marmorini: “2010-cu ildə yanacaq sərfiyyatı vacib rol oynayacaq. Bizim Shell-dən olan tərəfdaşalrımızla birlikdə bu istiqamətdə irəliyə doğru böyük addım atmışıq. Düzdür, motorların təkmilləşdirilməsi qadağandır və biz onun konstruksiyasını dəyişə bilmirik. Amma onun xarakteristikalarını müəyyən yollarla dəyişmək mümkündür. Məsələn, F10-da biz buraxılış sistemini ciddi yeniləmişik.

Bu il KERS olmayacaq, ona görə də bir çox əlavə detallardan azad olmuşuq. İstifadə etdiyimiz materialları və texnologiyaları ciddi araşdırdıq, bununla motor istehsalının dəyərini azaltdıq. Shell-lə birlikdə biz optimal sürtkü və yanacaqdan istifadə etməklə motorun gücünün artırılmasına nail olduq.

Bütün bunlar F10-a mövsümdə qələbə qazanmağa imkan verəcək. Eyni zamanda biz etibarlılığı da unutmamışıq.”

Nikolas Tombasis: “Bizim başlıca vəzifəmiz ikiqat diffuzordan effektiv istifadə etmək idi. Bu elementin maksimum effektiv işləməsi üçün biz motorun, ötürmələr qutusunun və hidravlik sistemin yerləşməsini optimallaşdırdıq. Ötürmələr qutusunu ensizləşdirmişik, arxa asılqanların konstruksiyası da dəyişib.

Maşının ön hissəsində də ciddi dəyişikliklər var. Şassi daha hündür olub, bununla hava axınının keyfiyyətini yüksəltmişik. Təkər qapaqları qadağan olunduğundan burun elementinin köməyi ilə asfalta yatma qüvvəsinin səviyyəsini qaldırmışıq.

Aydındır ki, yanacaq bakı iki dəfə böyüyüb, onun konstruksiyası da dəyişib. Baka görə şassinin uzunluğu da artıb. Soyutma sistemi də görünüşünü dəyişib – indi daha uzun və dardır. Aerodinamikada da dəyişikliklər var – görünməsələr də çox vacibdirlər. Aerodinamika müasir Formula1 maşınının vacib hissəsi olsa da, biz mexanikanı unutmamışıq. Keçən illə müqayisədə bütün detallar yenidən hazırlanıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*