Fevralın ilk günü Ferrari komandası Maranelloda yeni maşınını təqdim edib – F138-in adında cari ilin son iki rəqəmi və Formula1-də sonuncu dəfə istifadə olunacaq motorda silindrlərin sayı təcəssüm olunub.
Yeni maşının studiyada çəkilən şəkillərini komandanın mətbuat xidməti hələ mərasim başlamamış komandanın rəsmi saytına yerləşdirib – hamının diqqəti F138-in burnuna yönəlib: keçən ilə xas olan “pillə” reqlamentin icazə verdiyi xüsusi qapaqla örtülüb. Maşın Toyota-nın Kölndəki aerodinamik borusunda hazırlanıb və keçənilki F2012-nin varisi hesab olunur, amma bir çox elementlər yenilənib – komanda keçənilki problemləri həll etmək üçün innovasiyalı yanaşmaya əl atıb.
Mərasim Ferrari şirkətinin bütün nailiyyətlərini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Sonra isə səhnəyə komandanın başçısı Stefano Domenikali çıxıb – F138 jurnalistlərə təqdim olunduqdan sonra qarşıdakı mövsümə məqsədlər açıqlanıb: mövsümün əvvəlindən yarışlarda qələbə uğrunda mübarizə aparmaq və çempionatı birinci yerdə başa vurmaq.
Stefano Domenikali: “Bizim yeni maşına baxarkən, birinci ağlıma gələn bizə inananlar qarşısında daşıdığımız məsuliyyət hissidir və mən fəxr edirəm ki, belə bir komandada çalışıram.
Keçən mövsüm emosional baxımdan çox gərgin keçdi. Biz sonuncu yarışa qədər titul qazanmağa şanslı idik, belə vəziyyətdə isə emosiyaları cilovlamaq çətindir. Komanda beynindən bütün təəssüfləri silib, hər şey arxada qaldı. Biz yeni mövsümə başlayırıq və pozitiv ruhda köklənmişik – etibarlılıq, səhvsiz taktika, sazlanmalarla fantastik iş və effektiv pit-stoplar. Məhz bu faktorlar qarşıdakı mövsüm ərəfəsində bizi nikbin olmağa məcbur edir.
İlin əvvəlindən biz komandanın işində bəzi yeniliklər etmişik. İndi mühəndis kollektivi iki qrupa bölünüb: birinci qrup mövsümün gedişində bu maşını təkmilləşdirəcək, ikinci qrup isə artıq gələn mövsümə çalışır. Mən bizim bütün əməkdaşlara gərgin əməklərinə görə minnətdarlıq etmək istəyirəm. Ümid edirəm ki, biz trasda bu etimadı doğruldacayıq.
Gördüyünüz kimi, F138 keçənilki maşının təkamülüdür. Bunun səbəbi isə reqlamentin dəyişməməsidir. Amma builki maşın keçənilkindən ciddi fərqlənəcək, xüsusən də mövsümün ilk yarışlarında. Yeni maşın sələfinin effektliyindən maksimum yararlanıb. Ona görə də gələn həftə Xeresdə başlayacaq testlərdə biz simulyatorda və aerodinamik boruda əldə etdiyimiz məlumtları yoxlamalıyıq, amma maşının potensialını dərhal açmayacyıq.
Bizim başlıca məqsədimiz sürücülərə ilk yarışdan rəqabətədavamlı maşın verməkdir. Təəssüf ki, son illərdə biz mövsümöncəsi testlərdə maşının potensialını üzə çıxara bilmirdik. Biz komandanın işinə düzəliş verməyə çalışdıq ki, ilk testlərdə daha effektiv nəticələr əldə edək.”
Domenikalinin dediyi kimi, komandanın mühəndisləri iki yerə bölünüblər: birinci qrupa baş konstruktorun müavini Simone Resta başçılıq edir, onlar F138 layihəsi ilə məşğul olacaqlar, ikinci qrupa isə Fabio Montekki başçılıq edir, onlar gələn ilin maşını üzərində çalışırlar. Hər iki qrupa ümumi rəhbərliyi Pət Fray həyata keçirir…
Pət Fray: “Əas aerodinamikadır. Biz onun üzərində işimizə adət etdiyimizdən 3 ay sonra başladıq, ona görə də qrafikimiz çox gərgin oldu. Hazırda sizin gördüyünüz maşın mövsümün ilk yarışına gələcək maşından ciddi fərqlənir – biz çoxlu yeniliklər hazırlayırıq, həm də sonuncu testlər seriyasından sonra maşın ciddi yenilənəcək.
Mən F138-dən o vaxt razı qala bilərəm ki, Melburnda ən sürətli maşın məhz F138 olsun. Mənə elə gəlir ki, biz mexaniki aspektlərin, konstruksiyanın öhdəsindən əla gəlmişik, böyük kütləyə qənaət eləmişik, amma bu uzun prosesdir. Hazırda təqdim olunan maşın indi bizim aerodinamik boruda işlədiyimiz maşından çox fərqlənir. Yalnız sonuncu testlərdə biz maşının sürətini tam təsəvvür edəcəyik.”
Nikolas Tombasis, baş konstruktor: “Son illərin təcrübəsi məni öyrədib ki, proqnozlara ehtiyatla yanaşım – testləri gözləyək. Məncə, biz işimizi pis yerinə yetirməmişik, hərçənd, testlərdə istifadə olunan bu maşınla aerodinamik boruda az işləmişik.
Aerodinamika üzərində işimiz keçən mövsümün sonunda başlayıb, çünki biz F2012-ni son yarışlara qədər təkmilləşdirirdik. Mənim bildiyimə görə, biz sonuncu testlərə və mövsümün ilk yarışına ciddi yeniliklər hazırlayırıq. Mən bundan çox razıyam, amma proqnoz söyləməyəcəm.
Testlərdə F138-in sükanı arxasında əvvəlcə Felipe Massa çalışacaq. Xeresdə ilk üç günü işlədikdən sonra onu bir günlüyə Pedro de la Rosa əvəzə edəcək – təcrübəli ispaniyalı sürücü bu il simulyator arxasında böyük həcmdə iş görməlidir. Fernando Alonso isə artıq Barselona testlərində yeni maşını yoxlayacaq.
Felipe Massa: “İlk testlər həmişə vacibdir: məhz testlərdə biz müəyyən edirik ki, gələcək işimizi hansı istiqamətdə davam etdirək və diqqəti hansı sahələrə yönəldək.
Mən keçən mövsümün ikinci yarısını çox yaxşı keçirdim, ona görə də sükan arxasına tez qayıtmaq istəyirəm. Məqsədimiz dəyişməzdir – mövsümün əvvəlindən sonuna qədər maksimum çalışmaq.
Nə qədər tez qələbə qazansaq, bizim üçün bir o qədər yaxşı olacaq. Bizim hər ikimiz Ferrari üçün qələbə qazanmaq istəyirik, axı Skuderiya üçün bu çox vacibdir.”
Fernando Alonso: “Mən Xeres testlərindən gələn məlumatları diqqətlə izləyəcəm, yaxın günləri isə çempionata hazırlığa həsr edəcəm. Biz dekabr və yanvar aylarını komanda ilə aktiv işləmişik. İndi bir az pauza götürmək lazımdır, çünki mövsüm uzun olacaq, mən isə Avstraliyadan Braziliyaya qədər 100% çalışmalıyam. Mən fəxr edirəm ki, belə bir komandada çıxış edirəm – burda hamı bir-birinə etibar edir.
Məncə, keçənilki vəziyyəti təkrar etmək çətin olacaq – yəni ilk yeddi yarışda yeddi qalibin olması ağlabatan deyil. Mövsümün ikinci yarısında vəziyyət stabilləşmişdi, top-komandalar və son çempionatların qalibləri üzə çıxmışdılar. Güman edirəm ki, qələbə uğrunda 2-3 komanda mübarizə aparacaq və Ferrari bunlardan biri olmalıdır.”