Sauber komandası C36-nı təqdim edib

Bu gün səhər Sauber komandası yeni mövsümə hazırladığı C36 maşınının şəkillərini rəsmi saytında paylaşıb, saytda maşın haqqında qısa məlumat da verilib. Komanda irəliləyişə nail olacağına ümid edir.

F-1.az xəbər vermişdi ki, Sauber yeni maşının şəkillərini fevralın 20-də paylaşacaq, ayın 22-də isə Barselonada çəkiliş günü keçiriləcək.

Sauber-də texniki direktor postu keçən ilin martında Mark Smitin komandanı tərk etməsindən sonra boş qalmışdı. Noyabr ayında isə Yorq Tsander komandanın yeni texniki direktoru təyin olunmuşdu. Lakin o, yeni maşının hazırlanmasında iştirak etməyib. C36 yeni reqlamentə tamamilə uyğundur. Maşın bir qədər genişlənib, diffüzor və antiqanadın ölçüləri artıb. Aerodinamika böyük asfaltayatma qüvvəsi yaradacaq, buna görə də C36-nın hazırlanması zamanı komanda maşının havaya qarşı müqavimətini aşağı salmağa çalışıb. Yeni reqlamentə görə, çəki minimum 728 kq olmalıdır. Mühəndislər bu amili də nəzərə alaraq mümkün qədər aşağı çəkini əldə etməyə çalışıblar.

Komanda iddia edir ki, maşın tamamilə yenidir və onda C35-dən heç bir detal yoxdur. C36-ya Ferrari-nin keçən mövsüm Əbu Dabi Qran Prisində istifadə etdiyi mühərriklərdən qoyulacaq. Sauber bu mövsüm keçənilki mühərriklərdən istifadə edən yeganə komanda olacaq.

Yorq Tsander: “Mühəndislər bu dəfə asfaltayatma qüvvəsinin maksimum olmasına yox, sabit aerodinamikaya üstünlük veriblər. Hansı güc qurğusundan istifadə edəcəyimiz vaxtında məlum oldu. Bu sınanmış və etibarlı yol idi. Biz sürət qutusunun və mühərriyin quraşdırılması, eləcə də, soyutma sistemlərinin xüsusiyyətləri ilə tanışıq. Bu da bizə vaxt və gücə qənaət etməyə şərait yaradır”.

Komanda keçənilki rəng çalarlarına sadiq qalıb. Sauber bu il Formula1-də 25-ci mövsümünü keçirəcək. Bu əlamətdar hadisə də bolidin üzərində qızılı hərflərlə qeyd olunub…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*