F-1.az xatırladır ki, Sauber komandası uzun illərdir ki, Ferrari-dən mühərrik alır. Amma italyanların Haas komandasına da mühərrik verməsi tərəflər arasında söz-söhbət yaradıb.
Bu il Ferrari-nin keçənilki mühərriyi ilə yarışmağa hazırlaşan Sauber-in gələn il üçün yeni istehsalçı axtardığı iddia edilir. Paskal Verlyaynın transferi ilə Mercedes və Sauber arasındakı münasibət yaxşılaşsa da, isveçrəlilərin Honda mühərriyinə keçəcəyi düşünülür.
Honda Motorsport-un rəhbəri Yasuke Haseqava 2018-ci ildə ikinci komandanı mühərriklə təmin edə biləcəklərini demiş və bəzi komandalara açıq qapı qoymuşdu. Yaponiyalı rəhbər əlavə etmişdi ki, Mercedes-in bəzi müştəriləri Honda mühərriyinə keçmək istəyir, amma ad çəkməmişdi.
Bəzi resursların xəbərlərinə əsasən, Honda mühərriyinə keçmək istəyən yeganə komanda Sauber-dir və iki tərəf arasındakı danışıqlar davam edir. Əgər isveçrəlilər bu danışıqlardan müsbət cavab ala bilməsələr, onlar FİA-dan mühərrik təminatçısı tapmasını xahiş edəcəklər…