Yeni maşının rəng çalarları keçənilkini xatırladır, sadəcə komandadan keçən il ayrılan Banco do Brasil bankına xas olan sarı rənglər ağ rənglə əvəzlənib. Bu gün təqdim olunan maşının şəkillərində maşın üzərində sponsor loqotipləri gözə dəymir.
Keçən ilin yayında İsveçrənin Longbow Finance SA sərmayə şirkəti komandanın səhmlərini alaraq, sahibini dəyişsələr də, komandanın adını saxlamışdılar. Bu il komandaya yenə də Monişa Kaltenborn başçılıq edəcək.
Monişa Kaltenborn: “Longbow Finance sayəsində komandanın əvvəlki formasını qaytarmaq şansı peyda oldu və biz yenə də Formula1-də uğur qazanmaq istəyirik. Bu yolda biz ilk addımlarımızı atmışıq.
Komanda çox böyük iş görüb. Yeni C36 gələcək inkişaf üçün əla bazadır, hazırda bizim mövsüm ərzində inkişaf etmək üçün kifayət qədər resursumuz var. Orta qrupda mübarizə aparmaq üçün bu olduqca vacibdir”.
Yeni maşını mühəndislər kollektivi hazırlayıb – komandanın texniki direktoru Mark Smit keçən mövsümün əvvəlində komandanı tərk etdikdən sonra bu vəzifə boş qalmışdı. Keçən ilin noyabrında təcrübəli Yorq Tsander komandaya yeni texniki direktor təyin edildi – amma C36 onun iştirakı olmadan layihə prosessini keçmişdi, Yorq ancaq istehsal prosesinə yetişmişdi.
Komandanın bildirdiyinə görə, yeni maşın tam sıfırdan hazırlanıb – keçənilki C35-dən heç bir detal qalmayıb. Amma C36-nın motor qapağı altında Ferrari-nin 2016-cı il Əbu Dabi Qran Prisində FİA-nın qeydə aldığı güc qurğusu çalışacaq. Sauber çempionatda keçənilki güc qurğusundan istifadə edəcək yeganə komanda olacaq.
Yorq Tsander: “Builki maşınlar daha enlidirlər, elə təkərlər də, antiqanadlar da, diffuzor da böyüyüb. Aerodinamik asfaltayatma qüvvəsi və trasla ilişmə artacaq, eyni zamanda döngələrdə sürət də çoxalacaq. Bu faktorları nəzərə alaraq, maşının hazırlanması zamanı komanda bütün diqqətini maşının çəkisinin və havaya qarşı müqavimətinin azaldılmasına yönəldib.
Bəzi sahələrdə biz reqlamentin icazəsinin sərhədlərinə yaxınlaşmışıq. Maşının aerodinamik elementləri optimallaşdırılıb, radiatorlar, yan pantonlar və kuzov elementləri çəkinin azaldılması üçün maksimum nazik hazırlanıb.
Bu dəfə biz maksimum asfaltayatma qüvvəsi almağa çalışmamışıq, bizim üçün aerodinamik stabillik daha vacibdir. Böyük komandalar reqlamentin ciddi dəyişikliyi zamanı üstünlük qazanırlar, amma belə dəyişikliklər balaca komandalara da şans verir.
Sauber C36-Ferrari daha enli alınıb, ağırlıq mərkəzi aşağı salınıb, enli təkərlərlə maşın sələfindən daha əzələli görünür. Daha güclü asfaltayatma qüvvəsi və daha az əylənmə məsafəsi ilə yeni maşın dövrəni 4-5 saniyə tez başa vuracaq, amma bu zaman maksimal sürət artmayacaq.
Biz güc qurğusunun təchizatçısını erkən müəyyən etdik, bu zaman yoxlanılmış və etibarlı qərara əsaslandıq. Biz mühərriyin və ötürmələr qutusunun arxitekturası ilə, soyutma sisteminin xüsusiyyətləri ilə yaxşı tanışıq, bununla da zamana, gücümüzə və resursumuza qənaət etmiş olduq”.
F-1.az xatırladır ki, bu il komandanın şərəfini Markus Eriksson və Paskal Verlyayn qoruyacaqlar.
Markus Eriksson: “Sauber-lə iki mövsümü başa vurmuşam və özümü evdəki kimi hiss edirəm. Uğurumuz da olub, uğursuzluğumuz da, amma bu komanda sürücülük qabiliyyətimin artırılması üçün mənə uyğundur.
Nəticə etibarı ilə keçən mövsüm yaxşı alınmadı, amma fərdi inkişaf baxımından biz yaxşı mövsüm keçirdik. Əlbəttə, mən xal qazanmaq istəyirdim, amma keçmiş komanda yoldaşım Felipe Nasrın xal qazanmasına da sevindim – bu uğur komanda üçün çox vacib idi.
Keçən il güclü yarışlarım oldu, xüsusilə Meksika Qran Prisini qeyd edə bilərəm. Birinci dövrədəki insidentdən sonra erkən pit-stop etməli oldum, amma yarışı bir dəst təkərlə keçirə bildim – mən ilk onluğa düşməyə yaxın idim. Sauber-də təcrübə toplamağa davam edirəm və səbirsizliklə yeni mövsümün startını gözləyirəm. Biz birlikdə inkişaf edirik və gələcəkdə daha güclü olacağıq”.
Paskal Verlyayn: “Debüt mövsümündən çox razı qaldım, hətta deyə bilərəm ki, gözlədiyimdən də uğurlu alındı. Mən hələ təcrübə toplamalıyam, keçən il çox şey öyrəndim və bu il öyrənməyə davam edəcəm.
Mən çox şadam ki, bu il Sauber-də çıxış edəcəm. Bizim məqsədimiz peletonun ortasında mübarizə aparmaq və mütəmadi xal qazanmaqdır”.