Bu gün Sauber komandası İsveçrənin Hinvil şəhərindəki bazasında yeni maşınını təqdim edib. 2008-ci ildə BMW konserni komandanı tərk etdikdən sonra təqdimatlar yalnız test avtodromlarında keçirilirdi, amma bu dəfə komandanın yeni başçısı Monişa Kaltenborn başqa senari seçib.
Əlbəttə, komandanın sahibi və əfsanəsi Peter Zauber də mərasimdə iştirak edib, amma mətbuat zalının səhnəsinə əvvəlcə Monişa qalxıb və komandanın qarşıdakı mövsümə məqsədlərini açıqlayıb…
Monişa Kaltenborn: “Mən çox həyəcanlıyam, axı yeni maşının təqdimatı həmişə xüsusi bir hadisədir. Biz yeni maşın üzərində təxminən bir il işləmişik, bu gün isə işimizin nəticəsinə sizin reaksiyaları görürürk. Bütün komandamız həyəcanlıdır – bu maşında hər bir əməkdaşın töhfəsi var.
Biz yeni mövsümə yaxşı hazırlaşmışıq, maşın üzərində işi də vaxtında qurtardıq, komanda daxilində qarşımıza qoyduğumuz vəzifələri yerinə yetirdik. Ona görə də mövsümöncəsi nikbin ruhdayıq, amma işimizə yekun qiyməti Melburnda verəcəyik.
Biz qarşıdakı mövsümdə tutmaq istədiyimiz yeri konkret söyləməyəcəyik, çünki bu mübarizədə bir çox faktorlar iştirak edirlər və onlardan bəzisinə biz nəzarət edə bilmirik. Əsas odur ki, irəliyə doğru inamla irəliləyirik.”
Monişanın açılış nitqindən sonra komandanın yeni sürücüləri Niko Hülkenberq və Esteban Qutyerres maşının üzərindən örtüyü çəkiblər. Maşının rəng çalarları dəyişib, ?32-də ağ-qırmızı xətlərlə boz-qrafit rənglər üstünlük edir, detalların yerləşməsi və forması da dəyişib – yan pantonlar daha kompakt olub, asılqanların, motor qapağının və maşının arxasnda bir çox aerodinamik elementlərin konstruksiyası dəyişib. Burun üzərində keçən ilə xas olan “pillə” qeyri-adi qapaqla örtülüb.
Keçən mövsümün əvvəlində komandanın texniki direktoru Ceyms Ki komandanı tərk etdikdən sonra kənardan mütəxəssis dəvət olunmayıb – Kinin öhdəlikləri komandanın mühəndisləri arasında bölüşdürülüb və C32-nin konstruksiyasında onlar reqlamentin öz baxışlarına uyğun yozumunu tərənnüm ediblər. Layihəyə ümumi rəhbərliyi komandanın baş konstruktoru Mətt Morris reallaşdırıb…
Mətt Morris: “Keçənilki C31 çox rəqabətədavamlı idi və güclü tərəfləri çox idi. C32-ni hazırlayarkən biz bu tərəfləri saxlamağa çalışaraq, zəif tərəflərini gücləndirmişik.
Keçən il biz maşının müxtəlif şəraitlərdə davranışını öyrənməyə çox vaxt və qüvvə sərf etdij. Qazandığımız təcrübə nəticəsində maşının aerodinamikası, xüsusən də arxa hissəsində, optimallaşdırılıb, Bizim mühəndislər bu istiqamətdə böyük işlər görüblər.
Biz yan pantonları yeniləmişik – bu hissədə hava axını böyük təsirə malikdir. Nəticədə pantonlar daha yığcam olub, ona görə də biz soyutma sisteminin radiatorlarının yerləşməsini dəyişməli olduq. Düzünü deyim ki, bizim mütəxəssislər çətin işin öhdəsindən əla gəldilər.
Keçən il maşının arxa hissəsi təkərlərlə çox qənaətlə davranırdı, amma sıralanma turunda vahid sürətli dövrədə onları qızdırmaq problem idi. Biz uyğun tədbirlər görmüşük ki, bu problemi həll edək.
Biz qarşımıza ciddi məqsədlər qoymuşuq və əminik ki, onları realizə edə biləcəyik. Keçənilki C31 yeni maşın üçün əla baza idi. Komanda inkişaf edir və indi bizim başlıca vəzifəmiz C32-ni mövsümün birinci yarışına maksimum hazırlamaqdır.”
Bu il komanda heyətini tam dəyişib – artıq təcrübəli Niko Hülkenberqin komanda yoldaşı debütant Esteban Qutyerres olacaq, Formula Renault-nun son çempionu Robin Freyns isə komanda ilə test və ehtiyat sürücüsü müqaviləsi imzalayıb…
Niko Hülkenberq: “Keçənilki baizsə əsaslanaraq yüksək nəticələr əldə etmək lazımdır. Hərçənd, yeni mövsüm, yeni risk, yeni uğur! Gəlin bir az səbr edək və görək ilk testlər necə keçəcək, ondan sonra proqnoz verərik.
Hər bir detalın nəzərdə tutulduğu kimi işləməsi üçün vaxt lazımdır. Bir qayda olaraq mövsümün ilk yarışına qədər bütün sistemləri sazlamalıyıq. Builki məqsədim hər bir yarışda stabil sürətli olmaqdır.”
Esteban Qutyerres: “Hazırda çox sakitəm. Məqsədim mövsümün ilk yarışına maksimum yaxşı formada olmaqdır.
Testlərdə isə maşının bütün nasazlıqlarını aradanq aldırmağa çalışacayıq ki, maksimum məsafə qət etməliyik. Sonra başa düşmək lazımdır ki, maşın sıralanma turu və yarışda özünü necə aparır – real vəziyyəti isə mövsümün ilk Qran Prisində biləcəyik.”